AZ

Azərbaycanın yeni geosiyasi proseslərdə iştirakının və rolunun növbəti təqdimatı

“Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri böyük əhəmiyyət kəsb edir.  Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və  Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə görüşlərdə  ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb.

Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya həm də, dünyada Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Ötən illər ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə də əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. İtaliyada ənənəvi olaraq keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış etməsi də xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev Forumda əsas qonaq qismində iştirak edəcək. Sayca 50-ci olan bu mötəbər  Forumda Prezident İlham Əliyevin əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. Dövlətimizin başçısının hələ 2022-ci ildə keçirilən Forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar da Forum iştirakçılarının böyük marağına səbəb olmuşdu.

1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.

Pərvin Kərimzadə qeyd edib ki, dövlətimizin başçısı Forumda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub, o cümlədən, ölkəmizin İtaliya ilə əlaqələrindən, enerji təhlükəsizliyindən ətraflı bəhs edib. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir. Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Cənab Prezident çıxışında  həmçinin, Cənubi Qafqazda sülhə nail olmağın mümkünlüyünü də vurğulayıb. Sülh müqaviləsinin mətninin təxminən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.

Prezident İlham Əliyev Forumda moderatorun Azərbaycanın Rusiya-Ukrayna probleminin həllində vasitəçilik imkanlarına dair sualına cavab olaraq bildirib ki, bizim iştirakımıza zərurət yaranarsa buna hazırıq. AŞPA-nın bir sıra üzvlərinin ölkəmizdə “arzuolunmaz şəxs” elan olunmasına gəlincə, dövlətimizin başçısı bir daha prinsipial mövqe nümayiş etdirərək bəyan edib ki, Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin fəaliyyəti bərpa olunduqdan sonra bu qadağa aradan qaldırılacaq. Məlumdur ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi AŞPA-dakı ermənipərəst dairələri ciddi narahat etdi. Ona görə də, ölkəmiz haqqında belə bir qərəzli qərar qəbul olunmuşdu. Təbii ki, bu cür ədalətsiz mövqe cavabsız qala bilməzdi və qalmadı. Bütövlükdə, Prezident İlham Əliyevin Forumda dərinməzmunlu çıxışı Azərbaycanın yeni geosiyasi proseslərdə iştirakı və rolu barədə mükəmməl təqdimatı oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
yeniazerbaycan.com

3Mənbələr