AZ

BDU da “TələbəPlus” layihəsinə qoşuldu

Bakı Dövlət Universiteti (BDU) ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

 

AzEdu.az  xəbər verir ki,  müqaviləni rektor Elçin Babayev və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıb.

 

İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, yarandığı gündən Təhsilin İnkişafı Fondu təhsil müəssisələrində ideyaların reallaşdırılmasına böyük dəstək göstərir: “2021-ci ildən fəaliyyət göstərən Fond ölkədə elm və təhsil istiqamətində mühüm işlərin görülməsində yaxından iştirak edir. BDU da bu prosesə daim öz töhfəsini verir. Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramını başa vuraraq, nazirliyin müxtəlif strukturlarında əmək fəaliyyətinə başlayan 9 nəfərdən üçünün BDU-nun məzunu olması da bunun əyani göstəricisidir. Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi də qızlarımızın inkişafı baxımından böyük layihədir. Fond tərəfindən IELTS imtahanında iştirak edən və yüksək bal toplayan tələbələrin bu imtahan üzrə ödənişlərinin Təhsilin İnkişafı Fondu tərəfindən vahid layihə əsasında qarşılanması, onlardan 17 nəfərinin BDU tələbəsi olması da sevindiricidir. Fond Dayanıqlı İnkişaf Məqsədləri və IV Sənaye İnqilabı çərçivəsində də müxtəlif işlər görür və biz BDU olaraq bu istiqamətdə də birgə işlər görməyə hazırıq”.

 

BDU ilə “Kapital Bank”ın əməkdaşlığından da söz açan rektor vurğulayıb ki, digər ölkələrdə istifadə olunan bu təcrübənin birgə layihə əsasında ölkəmizdə tətbiqi təqdirəlayiq addımdır və imzalanan əməkdaşlıq müqaviləsi real işlərə hədəflənib: “İnanıram ki, yeni tələbə kartı özəllikləri ilə fərqlənəcək. Tələbələr üçün müxtəlif xidmətlərdən istifadəni rahatlaşdıracaq və genişləndirəcək”.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov rəhbəri olduğu qurumun əsas missiyasının təhsilin dayanıqlı inkişafına nail olmaq, cəmiyyətə fayda vermək, dövlətin təhsil siyasətinin təmin edilməsində yaxından iştirak etmək olduğunu bildirib. Qeyd edib ki, “TələbəPlus” layihəsi çərçivəsində müxtəlif alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə etməsi üçün Fondun öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edilib. Bundan əlavə, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi ilə müəyyən istiqamətlərdə tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Hazırda ictimai nəqliyyatda da güzəştlərin tətbiq edilməsi ilə bağlı müzakirələr davam etdirilir. İlkin mərhələdə 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır. Sonradan layihə özəl təhsil müəssisələri, kollec və peşə təhsili müəssisələrinin tələbələri üçün də mərhələli şəkildə icra ediləcək.

 

“TələbəPlus” kartları oktyabr ayının sonundan ilkin istifadəyə veriləcək.

Seçilən
17
3
azedu.az

4Mənbələr