AZ

"Uşaqlar evdədir, göstərə bilmərəm" - Həyat yoldaşını namus üstündə boğaraq öldürən şəxsin məhkəməsi 

Bakının Ramana qəsəbəsində həyat yoldaşını boğaraq öldürən Nurəddin Məmmədovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Nurəddin Mehvalı oğlunun məhkəmə prosesində dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib. Sonra təqsirləndirilən şəxs Nurəddin Məmmədov sərbəst ifadə verib: "Özümü təqsirli bilirəm. Ayşəni başqa kişi ilə telefonda görüntülü danışdığını tutdum. Əlindən telefonu alıb yığdım həmin adamı. O şəxs mənə dedi ki, sənin həyat yoldaşın məni şantaj edir. Sonra Ayşəni döydüm və anasına zəng edib vəziyyəti dedim. Bundan sonra anası qızı ilə danışdı və vəziyyət bir müddət düzəldi. Bir gün evə gəldim gördüm Ayşən kimləsə telefonla danışır. Belə bir söz eşitdim ki, deyir uşaqlar evdədir göstərə bilmərəm. İçəri girdim gördüm yarıçılpaq vəziyyətdədir. Bundan sonra mətbəxə çəkib onu boğdum".

İttiham aktında qeyd olunub ki, Nurəddin Məmmədov bu ilin aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşə Məmmədovanın  naməlum şəxslə "Whatsapp"la görüntülü danışdığını görüb. O arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edərək hiddətlənib.

Nurəddin telefonu arvadının əlindən alıb onun başına vuraraq sinəsindən itələyib, daha sonra mətbəx bıçağını götürüb.

O, bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyəsindən bir dəfə vuraraq onun sağlamlığına yüngül zərər vurub.

Nurəddin bu il mayın 5-də evə gəlib arvadı Ayşənin  yataq otağında "Whatsapp"la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra, Ayşənin ona xəyanət etməsindən əmin olub.

Nurəddin arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olduqdan sonra qəflətən hər iki əli ilə boğazından tutub yerə yıxaraq boğaraq öldürüb. Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
130
13
unikal.az

10Mənbələr