RF prezidenti Vladimir Putin Sankt-Peterburqda Çinin xarici işlər naziri Van İ ilə görüşüb. Putin Rusiya ilə ÇXR arasında münasibətlərin qarşılıqlı faydalı olduğunu, hər iki ölkənin ədalətli dünya nizamı prinsiplərini müdafiə etdiyini bildirib. Məlumatı “Kommersanr.ru” verib.
Prezident oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Çin sədri Si Tsinpinlə ikitərəfli görüş keçirməyi planlaşdırdığını bildirib.
Rusiya tərəfdən görüşdə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iştirak edib. Putin bildirib ki, Rusiya və Çin “beynəlxalq hüquq, suverenlik və bərabərliyə əsaslanan ədalətli, demokratik dünya nizamı prinsiplərini birgə müdafiə edirlər”.
“Eyni yanaşma Qlobal Cənub ölkələrinin həmfikirləri, dünyanın əksər dövlətləri tərəfindən dəstəklənir, bunu bir daha BRİKS sammitində görmək olar”, - o əlavə edib. Rusiya prezidentinin sözlərinə görə, Çinlə əlaqələr bütün sahələrdə “çox uğurla” inkişaf edir.
Bu gün səhər saatlarında Vladimir Putin BRİKS ölkələrinin milli təhlükəsizlik nümayəndələri ilə görüşüb, onların arasında Van İ də olub.
P.ƏMİRCANOV
XQ