AZ

Entso Fernandes sürücülük vəsiqəsindən məhrum edildi

“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Entso Fernandes yol hərəkəti haqda 2 qaydanı pozduğuna görə sürücülük hüququndan məhrum edilib.

Arena.az bu barədə “Sky News” dərgisinə istinadən məlumat verir.

Vurğulanır ki, işə futbolçunun iştirakı olmadan baxılıb.

Mənbənin məlumatına görə, Fernandes xərclər də daxil olmaqla ümumilikdə 3020 funt-sterlinq məbləğində cərimələnib. Argentinalı yarımmüdafiəçi 2023-cü il noyabrın 28-də Karmartenşirdə “Porsche Cayenne” avtomobilində yolu qırmızı işıqda keçməkdə təqsirləndirilib. Üstəlik, Fernandes özünü avtomobilin sürücüsü kimi təqdim etməyib və qayda pozuntuları barədə ötən il dekabrın 27-də polisə məlumat verməyib.

Xatırladaq ki, Entso Fernandes “River Pleyt”in yetirməsidir. Bir müddət “Defensa”da icarə keçmiş Fernandesi “River Pleyt” “Benfika”ya satıb. 2023-cü ilin yanvarın 31-də isə “Çelsi” Fernandesi 121 milyon avro məbləğ müqabilində “Benfika”dan öz düşərgəsinə qatıb. Argentinalı futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “zadəganlar”ın heyətində 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Fernandesin “Çelsi” karyerası ümumilikdə 67 oyun, 7 qol və 6 məhsuldar ötürmədən ibarətdir.

Entso Fernandes 2022-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətində 30 oyuna 4 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Yarımmüdafiəçi Argentina yığması ilə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2024-cü ildə Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı argentinalı yarımmüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
arena.az

1Mənbələr