"Valideyn-övlad münasibətləri, dostluq-valideynlik məsuliyyətləri arasında balanslaşdırıldıqda, güclü bir əlaqə yaranır, uşaq sağlam şəkildə böyüyür və inkişaf edə bilir". Bu sözləri SİA-ya açıqlamasında EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova deyib.
O bildirib ki, güvənli və dəstəkləyici bir mühit yaratmaq üçün valideynin uşaqla dost münasibəti qurması vacibdir, lakin eyni zamanda sərhədlərin qorunub saxlanılması lazım olduğu da unudulmamalıdır: "Bu əlaqəni sağlam və tarazlıqda qurmaq üçün, ilk növbədə yaxşı dinləyici olmaq lazım gəlir. Çünki uşağın hiss və düşüncələrini dinləmək, bizim ona dəyər verdiyimizi hiss etdirir. Tənqid etmədən və ya mühakimə etmədən dinləmək isə onun bizə etibar etməsinə kömək edir. Dinləyərkən empatik olmağa çalışmaq, bu dinləməni daha faydalı hala gətirəcəkdir. Hər şeyi uşağın nöqteyi-nəzərindən anlamağa çalışmaq, onların hisslərini başa düşdüyümüzü hiss etdirmək, emosional bağımızı gücləndirmək üçün əsas vasitələrdən biridir.
Valideynlərinin uşağın maraqlarına və hobbilərinə maraq göstərməsi, onu həvəsləndirməsi, və nailiyyətlərini qeyd etməsi isə uşaq üçün dəstəkləyici mühiti yaradacaqdır. Dostluq münasibəti qurarkən, valideyn səlahiyyətimizi itirməmək vacibdir. Belə ki, aydın qaydalar və sərhədlər qoyaraq, uşaqlarda məsuliyyət hissini inkişaf etdirməyə kömək edə bilərik.
Birlikdə zövq alacağımız fəaliyyətləri tapmaq da, valideyn-uşaq arasındakı sağlam bağlanmanı gücləndirən amillərdəndir. Valideyn olaraq edə biləcəyimiz digər şey isə onlara, hər zaman onların yanında olduğumuzu hiss etdirmək və nə olursa olsun, bizimlə paylaşa biləcəyi ilə bağlı güvəni verməkdir. Bu, onların çətin vəziyyətlərdə bizə müraciət etməsini asanlaşdırır. Ümumiyyətlə isə uşaqlara dostluq münasibətini izah edərkən, onların yaş və inkişaf xüsusiyyətlərini nəzərə alaraq, bəsit dillə izah olunması tövsiyə olunandır".