AZ

Ermənistan “təkliflər oyunu"nudavam etdirir

Himayədar axtarışı hələ bir nəticə verməyib

Dünyada sürüşkən siyasəti ilə tanınan Ermənistan yenə də himayədar axtarışına çıxıb. Gah Rusiya, gah Avropa, gah da Amerikaya ümid bəsləyən işğalçı dövlət hələ ki, onların heç birindən lazımı dəstək ala bilməyib. Verilən vədlər yalnız şirnikləşdirici təkliflərdən ibarət olub ki, bu da Ermənistanın gözləntilərini heçə endirib. Nəticədə Ermənistan üç siyasi dairənin təsiri altına düşüb. Elə bu səbəbdən də müstəqil qərar qəbul etmək səlahiyyətini itirən Erməistan gah nala, gah da mıxa vurur. Elə Azərbaycanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması məsələsində də analoji ikiüzlü siyasət davam etdirilir. Ermənistanın həyasızlığı o həddə çatıb ki, əvvəlcə qalib ölkə olan Azərbaycanın irəli sürdüyü təkliflər ətrafında xeyli manipuliyasiya edir, ardınca heç bir halda qəbul edilməsi mümkün olmayan təkliflə çıxış edir. Məlumdur ki, beynəlxalq ictimaiyyətə badalaq gəlmək məqsədilə irəli sürülən həmin təkiflərin Azərbaycan tərəfindən qəbul edilməsi qeyri-mümkündür. Ermənistana da elə bu lazımdır ki, həm Azərbaycanı danışıqlardan yayınmaqda ittiham etsin, həm də masa üzərində olan sənədə imza atmaq üçün vaxt qazansın. 
Məsələn, bu günlərdə Ermənistan Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsini beynəlxalq özəl şirkətə verilməsinin istisna edilmədiyini gündəmə gətirib. Ancaq Ermənistan özü də çox yaxşı bilir ki, sözügedən təklif 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata daban-dabana ziddir. Belə ki, üçtərəfli bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizində təhlükəsizilik məsələsinə kimin nəzarət edəcəyi açıq-aşkar əksini tapıb: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir". Görünür sözügedən təklif  Ermənistana "qorxma vur" mesajı ötürən Qərb və Amerikaya da sərfəlidir. Əks halda, separatçı dövlətin yedəyindən tutub uzun-uzadı müzakirələrə yol açmazdılar. Hansı ki, kommunikasiyanın açılmasında Ermənistanın "suverenlik tələbini" dəstəkləyən Qərb anlayır ki, Azərbaycanın maneəsiz keçid istəyi nəzərə alınmasa, bölgədəki planlarının icrası mümkün olmayacaq.Təklifdə əksini tapmış "özəl şirkət" məsələsi də qeyri-müəyyən bir ifadədir. Çünki, onun hüquqi  statusu, hərbi rejimi, nəzarət dairəsi kimi çoxsaylı məsələlərə aydınlıq gətirilmir. Düzdür, dünyada belə presidentlər var, ancaq həmin özəl şirkətlər xüsusi maraqlar baxımından təşkil olunub. Əgər Paşinyanın təklif etdiyi "özəl şirkətin" missiyası Naxçıvana maneəsiz keçidin "Azərbaycandan Azərbaycana prinsipi" ilə  həyata keçiriləcəksə, Azərbaycandan gedən sərnişinlər və daşınan yüklərin təhlükəsizliyinə beynəlxalq qarantiya olmalıdır. Təəssüflər ki, ötən 30 il ərzində Azərbaycan işğal altında olan torpaqlarının geri qaytarılması üçün heç bir beynəlxalq təşkilatdan qarantiya ala bilmədi.
Əslində bu təklif Ermənistanın milli qanunvericiliyinə, eləcə də imzaladığı dövlətlərarası  müqavilələrə də ziddir. Çünki, Ermənistan KTMT qarşısında ərazisində başqa dövlətin hərbi birləşmələrinin yerləşdirilməməsi öhdəliyini götürüb. Belə halda bölgəyə hansısa hərbiləşmiş özəl şirkətin dəvət olunması təbii ki, Ermənistanın müttəfiqlərinin də ürəyincə olmayacaq. Nəzərə alaq k, Rusiya Paşinyanın dilindən deyilən təklifin haradan və hansı məqsədlə irəli sürüldüyünü çox yaxşı bilir. Məqsəd bəllidir: birmənalı olaraq Rusiyanı bölgədən sıxışdırmaq. İrəvanın "özəl şirkət"lə bağlı açıqlamasının Rusiyanın kommunikasiyanın açılması, ümumilikdə Bakı-İrəvan sülh danışıqlarında təşəbbüsü ələ almaq istiqamətində aktivləşdiyi vaxt gündəmə gəlməsi təsadüfi deyil. Ona görə ki, Zəngəzur dəhlizində dayanacaq "özəl şirkət"in tərkibinin ABŞ hərbi qüvvələrindən, yaxud bir neçə Qərb ölkəsinin birləşmiş qüvvələrindən ibarət olacağı istisna deyil. 
Digər bir məsələ Paşinyanın irəli sürdüyü 16 maddədən ibarət sülh sazişi layihəsidir ki, hazırda Ermənistan saziş üzərində manipuliyasını davam etdirir. Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, ölkəsi Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edib. "Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik. Bu maddələrin hamısı üzrə razılaşdırılmış məzmunumuz var. Ermənistan və Azərbaycan iki ölkə arasında mövcud olan bütün problemləri həll edəcək saziş imzalaya bilməzlər, ona görə də artıq razılaşdırılmış şeyi imzalamaq lazımdır". Paşinyan həmçinin sülh sazişi layihəsinin 13 maddəsinin və preambulasının razılaşdırıldığını bildirir. Qeyd edir ki, "iki cümlədən ibarət 3 maddə qismən razılaşdırılıb, həmin maddələrdəki cümlələrdən biri də razılaşdırılıb, digəri yox." Yəni eyni ssenari davam etdirilir, irəli sürülən təklifin siyasi, hərbi, diplomatik açıqlaması verilmir. Razılaşdırılmayan 3 maddənin nədən ibarət olduğu  ümumiyyətlə rəsmi şəkildə açıqlanmır. Bununla bağlı yalnız müəyyən təxminlər irəli sürülür. Siyasi ekspertlərin qənaətinə görə, Paşinyanın eyhamı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyası və normativ-hüquqi aktlarının dəyişdirilməsindən ibarətdir. Mümkündür ki, Ermənistan Azərbaycana qarşı adekvat tələblə çıxış etsin. Bununla konstitusiyada dəyişiklik məsələsi ilə bağlı daxili qanunvericiliyin layihəyə salınmasından yayınsın. Xatırladaq ki, hələ iyun ayında Ermənistan XİN bəyan edirdi ki, "sülh sazişi layihəsində "tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz" müddəası var, buna görə Konstitusiya məsələsi bura aid edilməməlidir". Ermənistan tərəfi razılaşdırılmayan bəndləri saxlamaqla sülh sazişi layihəsinin imzalanmasını istəyir və bununla həm Konstitusiya məsələsini arxa plana keçirə, həm delimitasiya prosesində istədiyi baza prinsipini qoruya, həm də razılaşdırılmayan üçüncü bəndi təxirə sala bilər. Azərbaycan isə regionda sülhün davamlı və uzunmüddətli olması üçün "menyu" yox, "paket həll" variantından çıxış edir. Göründüyü kimi təkcə Paşinyanın qısa bir müddətdə irəli sürdüyü iki təklif sülh sazişinin pozulmasına hesablanıb. Belə məlum olur ki, Ermənistan hələ sülh sazişi imzalamağa hazır deyil, yaxud bilrəkdən onu imzalamaqdan yayınır. Ancaq işğalçı dövlət nəzərə almalıdır ki, istənilən vaxt "dəmir yumruq" işə düşə bilər. O zaman Ermənistanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək Qərbdə daxil olmaqla Amerikanın imkanları xaricində olacaq.  

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
103
50
olaylar.az

10Mənbələr