AZ

Xaricdə yaşayan azərbaycanlı alimlər şəbəkələşir

6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Xəbər verdiyimiz kimi, Azərbaycanda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, sentyabrın 9-11-də keçirilən Forum Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə 23 ölkədən 80-dən çox azərbaycanlı alim olmaqla ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edib.

Prezident İlham Əliyev diasporun inkişafına hər zaman önəm verib ki, bunu forumda iştirak edənlərə göndərdiyi müraciətdə də aydın şəkildə görmək mümkündür.

Dövlətimizin başçısı müraciət mətnində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini vurğulayıb.

Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaratdığını bildirən prezident diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görüldüyünü nəzərə çatdırıb.

İlham Əliyev Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əmin olduğunu nəzərə çatdırıb.

“İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcəkdir".

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilən Forumunun iştirakçıları həmçinin Xankəndi və Şuşa şəhərlərinə səfər edib, Xankəndi şəhəri ilə yaxından tanış olan soydaşlarımız daha sonra Qarabağ Universitetinin rektoru və kollektivi ilə görüşüblər. Xaricdə yaşayan alimlərlə Qarabağ Universiteti arasında elmi əməkdaşlığın qurulması, onların bilik və təcrübələrindən də istifadə olunması imkanları barədə fikir mübadiləsi aparıblar.

Xaricdə yaşayan azərbaycanlı alimlərin Xankəndi şəhərində prezident İlham Əliyevə müraciəti səsləndirilib.

Müraciətdə onlar forumun son günündə işğaldan azad edilmiş ərazilərdə olmaqdan qürur duyduqlarını bildirib və elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsində əzmlə səy göstərəcəklərini qeyd ediblər.

Onlar İlham Əliyevin müdrik və uzaqgörən rəhbərli altında Azərbaycan Respublikasının siyasi, iqtisadi, elmi-mədəni istiqamətdə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanacağına əmin olduqlarını, ümumi tərəqqimizə töhfələrini verməyə hazır olduqlarını bildiriblər. Həmçinin, müasir elmi biliklərə və geniş təcrübəyə malik olan, vətənimizi dərin məhəbbətlə sevən və İlham Əliyevin siyasi xəttini daim dəstəkləyən ziyalılarımızın ümummilli mənası olan böyük işlərdə prezidentin yardımçısına çevrilə biləcəyini inandıqlarını söyləyiblər.

“Bu gün, Xankəndidə hər birimiz, ulu öndərimizin bu ölməz sözlərini sevinc göz yaşları ilə bir daha təkrar edirik: “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, belə bir millətim var!”

 

Daha sonra soydaşlarımız Şuşaya yola düşüb, Şuşada aparılan yenidənqurma işləri ilə tanış olublar.

Azərbaycanlı alimlər forumun öz işini Qarabağda davam etdirməsini və burada yekunlaşdırmasını tarixi hadisə adlandırıb, ölkəmizin gələcəyi naminə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, dünya elmi ilə Azərbaycan elmi arasında daha möhkəm körpülərin qurulmasına töhfələr verəcəklərini deyiblər.

Forumda iştirak edən alimlərdən biri olan Tədqiqatçı, İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd tədbirlə bağlı öz təəssüratlarını Bakıvaxtı.az ilə bölüşüb.

D.Əhməd bildirib ki, forumdan bir müddət öncə Dünya Azərbaycanlı Alimlər Birliyi yaradılıb və bu birliyin məqsədi xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin vahid mərkəzinin yaradılması idi. Bu məqsədlə də Diasporla İş Üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə üç günlük forum təşkil edildi.

Əsas məqsədin dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində çalışan müəllimlərin bir-biri ilə təcrübələrini bölüşmək, mübadilə etmək olduğunu vurğulayan tədqiqatçı qeyd edib ki, nəticədə bu toplanılan bilgi Azərbaycandakı müvafiq qurumlara təklif şəklində verilsin:

“Çünki alimlərimiz arasında ABŞ, Kanada, İsveç, Fransa, Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrdə yaşayanlar var. Hər ölkənin də özünəməxsus keçdiyi yol, qazandığı təcrübə var. Bu baxımdan forumun ikinci günü ixtisaslar üzrə masalar təşkil edildi, müzakirələrdən sonra ortaq təkliflər paketi hazırlandı. Birinci gün isə ölkəmizin aparıcı universitetlərinin rektorları öz təcrübələrini, yeniliklərini alimlərə təqdim etdilər”.

Müsahibimiz bu forumun ən önəmli bir tərəfinin də xaricdəki alimlərimiz arasında şəbəkələşmənin yaranması olduğunu söyləyib:

“Biz artıq bildik ki, məsələn, Misirdə filan dəyərli alimimiz var, orada hansı işləri görüb, ölkə üçün irəlidə nələr etməyi düşünür. Alimlərin Qarabağ Universitetinə də səfəri oldu. Yenidən təsis olunan bu universitetin xaricdəki alimlərimizin təcrübəsinə ehtiyacı var. Bəlkə də, yeni əməkdaşlıqların əsası qoyulacaq. Bu baxımdan forumu çox faydalı hesab edirəm”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
bakivaxti.az

1Mənbələr