Bakı, 13 sentyabr, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Səudiyyə Məlumat və Süni İntellekt Təşkilatı (SDAIA) İslam dünyası üçün Ər-Riyad Süni İntellekt (AI) Etika Xartiyasını təqdim edib.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Xartiyanın hazırlanmasında məqsəd İslam dünyasının dəyərlərinə və etikasına riayət olunması, inklüziv və davamlı inkişafı, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın təşviq edilməsidir.
ICESCO-nun Baş direktoru Ər-Riyaddakı Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində şahzadələrin, nazirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, habelə dünyanın 100 ölkəsindən aparıcı süni intellekt və texnologiya şirkətlərinin rəhbərlərinin iştirakı ilə SDAIA tərəfindən keçirilən üçüncü Qlobal Süni İntellekt Sammitində (GAIN) Etika Xartiyasını təqdim edib.
Baş direktor qeyd edib ki, İslam dünyası üçün Ər-Riyad Süni İntellekt Etika Xartiyasının istifadəyə verilməsi ICESCO və SDAIA arasında böyük strateji tərəfdaşlığı nümayiş etdirən tarixi bir məqamdır. O, bu münasibətlə təşkilatın Süni İntellekt Etikası üzrə Kafedrasına ev sahibliyi edən Oman Texnologiya və Tətbiqi Elmlər Universiteti (UTAS) də daxil olmaqla, bir sıra ixtisaslaşdırılmış seminarlar vasitəsilə Xartiyanın hazırlanmasına töhfə verən bütün tərəfdaşlara səmimi təşəkkürünü bildirib.
Salim əl-Malik vurğulayıb ki, süni intellekt cəmiyyətlərimizin üzləşdiyi ən aktual problemlərə böyük imkanlar və həll yolları təklif edir, eyni zamanda, insan yaradıcılığına və elmi tədqiqatların orijinallığına problemlər yaradır. O, həmçinin qeyd edib ki, Ər-Riyad Xartiyası həqiqət və orijinallıq prinsiplərini əhatə edir, habelə süni intellektdən istifadənin şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmətin, bərabərlik və həmrəyliyin təşviqi də daxil olmaqla etik dəyərlərə uyğun olan hərtərəfli çərçivə yaradır.
Baş direktor əlavə edib ki, Xartiya ailə dəyərlərinin mərkəzi rolunu qoruyub saxlamaq üçün süni intellekti İslam dünyası cəmiyyətlərinə inteqrasiya etmək məqsədi daşıyır. O vurğulayıb: “Xartiya, həmçinin süni intellektin inkişafını təmin etmək, o cümlədən bu sahədə irəliləyişlərə dəstək vermək və ixtisaslı ekspertlərin məsləhəti əsasında siyasətçilərə strateji tövsiyələr vermək üçün AI Monitorinq Komitəsinin yaradılması təkliflərini özündə əks etdirir. Eynilə, ICESCO üzv dövlətlərdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün lazımi infrastrukturun qurulmasına kömək etmək məqsədilə beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları və institutlarının konsorsiumuna rəhbərlik edəcək, həmçinin İslam dünyasında 25 min gəncə süni intellekt elmi və tətbiqləri üzrə təlim keçmək təşəbbüsü ilə çıxış etmək üçün SDAIA ilə əməkdaşlığa başlayacaq”.