AZ

Azərbaycan xalqı Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını heç vaxt unutmayacaq

Azərbaycan

Bakı, 15 sentyabr, AZƏRTAC

Birinci Dünya müharibəsi zamanı Azərbaycan milli-azadlıq hərəkatının liderləri böyük uzaqgörənliklə söyləyirdilər ki, dünyanın siyasi xəritəsi bu müharibənin sonunda dəyişəcək. Bu müharibədə imperiyalar zəifləyəcək, əsarətdəki xalqlar öz azadlığına, istiqlaliyyətinə qovuşacaq. Onların bu uzaqgörənliyi gerçək oldu. Azərbaycan öz istiqlalına qovuşdu. Bundan sonra ən vacib vəzifə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin ölkənin bütün ərazisində bərqərar edilməsi idi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Zakir Kərimov məlumat verib.

O qeyd edib ki, 1917-ci ilin Fevral burjua inqilabından sonra ölkədə ikihakimiyyətlilik mövcud idi. Bakı quberniyası Sovet Rusiyasının hakimiyyətinə tabe olan, antimilli mövqedə dayanan, Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin qəddar düşməni olan Bakı Xalq Komissarları Sovetinin, Gəncə isə milli qüvvələrin nəzarətində idi. Bakını düşməndən azad etmək, ölkəni bürümüş xaos və anarxiyaya son qoymaq üçün hərbi gücə ehtiyac var idi. Yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin belə bir imkanı yox idi. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 1918-ci il iyunun 4-də bağlanmış Batum (dostluq) müqaviləsinə əsasən Osmanlı Türkiyəsi lazım olan hərbi yardımı göstərdi. Azərbaycanın köməyinə gələn türk hərbi hissələri Azərbaycan hərbi hissələri ilə birləşərək Qafqaz İslam Ordusu kimi təşkil olundu. 1918-ci ilin iyununda Qafqaz İslam Ordusu dərhal Şamaxı və Zaqafqaziya dəmiryolu vasitəsilə Qərbə irəliləyən bolşevik daşnak qüvvələri ilə döyüşə girdi. Başda Nuru paşa olmaqla Qafqaz İslam Ordusunun qərargahı Gəncə şəhərində idi. Azərbaycan əhalisi Türkiyə qoşunlarını böyük sevinclə qarşılayırdı.

Dosent Zakir Kərimov bildirib ki, Cümhuriyyət rəhbərlərinin qarşısında duran ən mühüm vəzifə əvvəlcə Bakını bolşevik-daşnak işğalından xilas etmək və sonra gənc dövlətin ərazi bütövlüyünün bərpasına nail olub müdafiəsini təşkil etmək idi. Buna görə də Qafqaz İslam Ordusunun komandanı Nuru paşa öz qoşunlarına müraciətində “Bizim məqsədimiz - Bakıdır” - demiş və onun düşməndən azad edilməsini həyati məsələ olduğunu vurğulamışdı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyildi və bütün əsaslı dövlət quruculuğu onun azad edilməsindən sonra başlamalı idi.

Qafqaz İslam Ordusunun Göyçay döyüşlərində (1918-ci ilin iyun-iyul) qələbəsi Bakının bolşevik-daşnak işğalından azad edilməsində dönüş nöqtəsi oldu. Bakı Xalq Komissarları Soveti süqut etdi. Burada yeni bir anti-Azərbaycan hökuməti – Sentrokaspi diktaturası quruldu. O, İrandakı ingilis hərbi qüvvələrini köməyə çağırsa da faydası olmadı.

Qafqaz İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxı, Salyan və Kürdəmir istiqamətlərindən irəliləyərək Bakıya yaxınlaşdı. Qan tökülməsinin qarşısını almaq üçün komandanlıq Sentrokaspiyə, erməni hərbi birləşmələrinə təslim olmağı təklif etdi. Lakin müsbət cavab almadı. 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu şəhərə doğru irəliləyərək düşmənin müqavimətini dəf etdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını düşməndən xilas etdi. Sentyabrın 17-də Fətəli xan Xoyskinin hökuməti Gəncədən Bakıya gəldi. Bakı qədim Azərbaycanın paytaxtı oldu. Bakının azad olunması ilə Cümhuriyyət hökuməti bütün respublika ərazisində öz hakimiyyətini bərqərar etmiş oldu.

Azərbaycan xalqı türk əsgərlərinin qardaşlıq köməyini unutmur və xatirəsini əziz tutur.

Seçilən
28
1
azertag.az

2Mənbələr