AZ

Sumqayıtda eyni polis bölməsində növbəti ölüm

Yayımlandı: 15 Sentyabr 2024 22:41 Polis tərəfindən saxlanılan şəxs həyatını itirdi Sumqayıt sakini Sahib Gözəli polis bölməsində həyatını itirib. Hadisə sentyabrın 14-də Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsində baş verib. Bu barədə Meydan TV-yə “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib. Hüquq müdafiəçisi bildirib ki, 45 yaşlı Sahib Gözəli sentyabrın 14-də axşam saatlarında narkotik şübhəsi ilə saxlanılıb. Onun polis bölməsində işgəncələrə məruz qaldığı və bu səbəbdən həyatını itirdiyi ehtimal olunur. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi. Foto: Azərtac Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidməti Sahib Gözəlinin ürəktutmadan ölməsi barədə məlumat yayıb. Məlumatda onun narkotik istifadəçisi olması xüsusi vurğulanıb. İddia olunub ki, Sahib Gözəlinin üzərindən 2 bükümdə metamfetamin tapılıb. Bölmədə onun halı qəfil pisləşib, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb, meyitin üzərində xəsarət aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır. Hüquq müdafiəçisi Rüfət Səfərov isə xatırladıb ki, Sumqayıtda polis tərəfindən saxlanılan şəxslərin az sonra polis bölməsində həyatını itirməsi halları ilk dəfə deyil. Bundan əvvəl də dəfələrlə belə hallar baş verib. Hüquq müdafiəçisi yada salıb ki, cəmi 3 ay əvvəl – iyunun 14-dən 15-nə keçən gecə məhz elə 1-ci polis bölməsində 37 yaşlı Elvin İsgəndərov həyatını itirmişdi. O zaman da Elvin İsgəndərovun ailəsi onun polislər tərəfindən döyülüb öldürüldüyünü deyirdi. DİN-in mətbuat xidmətinin yaydığı açıqlamada isə bildirilirdi ki, onun ölümünə səbəb qaraciyər serrozu və ürək tutması olub. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
xural.com

1Mənbələr