AZ

İsmayıl Şıxlının “Namus qaçağı” əsərində milli dəyərlər

 

Filosof şair, mütəfəkkir dramaturq İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə
Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. Xalq yazıçısı, alim-müəllim,
millət vəkili olmuş İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv
qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay
oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin
zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”,
“Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir.
İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir.
İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn
olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ictimai
fəaliyyət göstərən böyük insan, istedadlı yazıçı, gözəl natiq-pedaqoq, alovlu
vətənpərvər-soydaş olan İsmayıl Şıxlı “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri
qəbristanda basdırın” hekayələri ilə milli ədəbiyyatımızın inkişafına çox böyük
dəyər qatmışdır. Qüdrətli nasir, müdrik dramaturq İsmayıl Şıxlının “Namus qaçağı”
əsəri Azərbaycan ədəbiyyatında dəyərli nümunələrdəndir. Əsərdə insan qəlbinin
ağrı-acıları, insan həyatının çətinlikləri, insan hiss və duyğuları, insan
psixologiyasının nüansları, düşmənə nifrət, yaşamaq istəyi, həyat eşqi, toy və yas
evinin əhvali-ruhiyyəsi, ölüm-dirim mübarizəsi, insanın iradəsi və həyat eşqi
motivləri təbii və real cizgilərlə təsvir olunmuşdur. Əsərin dili mükəmməlliyi,
yığcamlığı, obrazlılığı, rəvanlığı, təsvir əlvanlığı ilə olduqca qiymətlidir. “Namus
qaçağı” əsərində lirik münasibətlər xətti qabarıq təsvir olunmuşdur. Əsərdə
qəhrəmanlarının mənəvi-əxlaqi aləmləri real həyati-ədəbi üslub vasitəsilə təsvir
olunub. İsmayıl Şıxlının “Namus qaçağı” əsərinin konflikt və ziddiyyəti kimi insan
təbiətindəki naqislik, dünya malına tamah, düzlük və doğruluq, insanın mənəvi

aləmi, həyatdakı uğursuzluqlar təsvir olunmuşdur. Qayğıkeş və mehriban müəllim
İsmayıl Şıxlının özünəməxsus kompozisiyası olan dəyərli “Namus qaçağı” əsəri
Azərbaycan ədəbiyyatında mühüm ədəbi mövqeyə sahibdir. Müəllif tərəfindən
əsərdə bir-birindən maraqlı, yaddaqalan, kamil obrazlar yaradılmışdır. Tənqidçilər
tərəfindən yüksək dəyərləndirilən əsər o dövrün mürəkkəb tarixi şəraiti haqqında
aydın bədii təsəvvür yaradır. Yazıçının “Namus qaçağı” əsəri müxtəlif taleli,
müxtəlif təbiətli, müxtəlif dünya duyumlu obrazların zənginliyi baxımından
olduqca qiymətlidir. Əsərdə milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu,
millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyət, milli
əxlaqın gənc nəslə düzgün ötürülməsi, mənəvi-ictimai problemlər, mühitdəki
eybəcərliklər, milli hiss və Vətən sevgisi kimi məsələlər təsvir obyektidir.
Görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlı “Namus qaçağı” əsəri vasitəsilə milli
xüsusiyyətləri, milli keyfiyyətləri, milli ruhun adət-ənənələrini Azərbaycan
ədəbiyyatında yaşatmağa nail olmuşdur. Belə ki, əsərdə milli ideyaların təlqin və
təbliği olduqca güclüdür. Ədibin “Namus qaçağı” əsərini yazmasındakı əsas səbəb
vətənpərvərlik duyğularını, vətəndaşlıq qürurunu ədəbiyyat vasitəsilə qorumaqdır.
Əsərdə xalq yaddaşı və xalq ruhu güclüdür. Əsər hekayə janrında qələmə alınıb və
süjet xətti el-oba üçün evindən-ailəsindən didərgin düşmüş qaçaqların həyatından
bəhs edir. Əsərin baş qəhrəmanlarından biri olan dağda-daşda qaçaqlıq edən qaçaq
Süleyman kasıb nəslə mənsub olsa da heç kimin qabağında əyilməyən, kişinin
birinci qorumalı xüsusiyyətinin namusu olduğu fikrində olan bir şəxs idi. Qaçaq
Süleyman el-obasının qız və gəlinlərinin namusunu öz namusu bilib, namusa
toxunmağı bağışlanması mümkün olmayan bir günah sayırdı. Əsərdə qaçaq
Süleymanın qaçaq düşməmişdən əvvəlki həyatı təsvir olunaraq, bildirilir ki,
kənddə yenicə yaranmış komsomola katib seçilən Süleyman kəndlərində
komsomola tabe olmayan Əbdülrəhman adında bir bəyin oğlanları ilə birlikdə
sürgün olunmasından sonra qızlarının Keçəl Xondulu tərəfindən namuslarının

ləkələndiyini görəndə beyni uğuldayıb, gözləri qan canağına dönüb, naqanını
çıxardıb, Keçəl Xondunu öldürüb, elin namusunu təmizləyir. Bu hadisədən sonra
Süleyman qaçaq düşməyə məcbur qalır. Əsərdə Süleyman obrazı elin namusunu
qorumağı özünə şərəf borcu bilən şəxs kimi təqdim olunmuşdur. İsmayıl Şıxlı
“Namus qaçağı” əsərində tezliklə toyu olacaq İlyasın nişanlısına göz dikən
binamus Rəşidi məhz el namusunu qoruyan qaçaq Süleyman vasitəsilə
cəzalandırır. Rəşidin el namusunu ləkələmək fikrinə düşdüyünü onun öz dilindən
öyrənən qaçaq Süleyman bu səhvi ona bağışlamayaraq, qarlı bir gündə buz
bağlamış çayda onu çimməyə məcbur edərək, ölümcül dərəcədə sətəlcəm olaraq,
ölməsinə qərar verir. Nişanlı bir qızın namusuna göz dikən Rəşid çox güclü
sətəlcəm olaraq, evində ölür. Ədib arxalı koxalılar tayfasına mənsub olan Rəşidin
ölümü ilə İlyasın sevgilisi ilə qovuşub, toyunun olmasının təsvirini eyni gündə
verərkən, çox güclü bədii təzad yaratmışdır. Həyətin birində toy, şənlik, digərində
isə yas, qəm-qüssə təsvir olunaraq, xeyirin şər üzərindəki layiqli qələbəsi oxucuya
çatdırılmışdır. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində İlyasın toyunun hazırlıq
mərhələsini təsvir edərkən, keçmişdəki toy məslislərinin bədii portretini təsvir
etmişdir. “Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim
salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri
qalamışdılar ki, içəri isti olsun. Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur,
zurnaçı ilə züyçü zurnaları qoşalaşdırırdılar. Qız-gəlinlər boğçadakı paltarlarını
çıxardıb ora-burasını sığallayır, donların, koftaların qırışını açır, bəzənib-düzənir,
qaşlarına, gözlərinə sığal verib, tellərini bururdular. Qış aylarında səhərəcən toyda
qoşa-qoşa oynamaq bu kəndin adəti idi. Göyə fişəng atar, gecə lopa işığında gəlin
gətirərdilər”. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində bir
sıra keçmiş adət-ənənələri yaşatmaq və unudulmağa qoymamaq üçün qələmə alır.
İlyasın nişanlısı Zöhrə ilə bulaq üstündə görüşən zaman İlyasın ondan su istəməsi,
dolçadakı suyu yarıya qədər içib, qalanını Zöhrənin yalın ayağına tökməsi, oğlanın

qıza sevgi etirafı idi. Ədib əsərdə dədə-babadan qalma adətləri yaşatmaq üçün
onları kiçik epizodik təsvirlərlə olsa belə əsərinə daxil edir. Ayağına su tökülən
qızın hirslənməməsi, başını aşağı salıb qızarması onu göstərirdi ki, onun da ürəyi
oğlanı tutub. Əsərdə təsvir olunan digər bir qədim adət isə elçi düşülməmişdən
əvvəl qızın toyda bəyin bacısı tərəfindən oynadılması və rəqs zamanı kəlağayısının
ucuna pul düyünləmək idi. Bu qızı bəlləmək demək idi. Əgər qız dartınsa, pulu
açıb atsa, demək razı deyil. İsmayıl Şıxlı “Namus qaçağı” əsərində milli əxlaq,
tarixi-etnik yaddaş, milli özünüdərk kimi konseptual məna daşıyıcılarını ön planda
təqdim etmişdir. Əsər vasitəsilə milli özünüifadə, milli özünüdərk uğrunda
mücadilə ədəbiyyatda genişləndirilmişdir. Ədib inam və etiqadla yaşayan, namus
və qeyrətlə ömür sürməyi seçən, vətən və millət naminə qurbana çevrilən
insanların həyatını yüksək qiymətləndirərək, əsərində təsvir obyektinə çevirmişdir.
Yazıçı əsərdə milli əxlaq normasının pozulmasına qətiyyən icazə verməyən el
namusunu qoruyan qaçaqların prototipini yaratmışdır.
İsmayıl Şıxlını “Namus qaçağı” əsəri özünün
yığcamlığı, dilinin obrazlılığı, rəvanlığı, təsvirlərinin əlvanlığı ilə ədibin ən dəyərli
əsərlərindəndir. Bu əsər yazıçının nəsrinin gücünü özündə ehtiva edə bilir. Yazıçı
əsəri ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya
malik əsər yaratmışdır. Əsər Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları
baxımından olduqca qiymətlidir və Azərbaycan nəsrinin zənginləşməsinə xidmət
edir.

Atakişiyeva Həcər

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
6
xalq.az

7Mənbələr