18 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun təşəbbüsü ilə Yevlax şəhərində yeni və müasir Yevlax Gənclər Məkanının açılış mərasimi baş tutub.
Gənclər Məkanının yaradılmasında məqsəd gənclərin asudə vaxtlarını səmərəli və yaradıcı şəkildə keçirmələrinə şərait yaratmaqdır. Məkan gənclərin sosial inkişafını dəstəkləyərək, onların şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Yevlax Gənclər Məkanı gənclərə təkcə iştirakçı olmaq imkanı deyil, həm də öz fəaliyyətlərini təşkil etmək üçün geniş imkanlar yaradacaq. Burada gənclər öz maraqlarına uyğun layihələr, tədbirlər, klub və yarışlar təşkil edə, liderlik və təşkilatçılıq bacarıqlarını inkişaf etdirə bilərlər.
Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Yevlax rayon İcra Hakimiyyətinin başçısnın müavini Elnarə Əzizova və digər rəsmilər, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş ofisinin nümayəndələri, GİKM-in Mərkəzi Aran regional nümayəndəliyinin əməkdaşları əvvəlcə Yevlax şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Açılışda çıxış edən rəsmilər gənclərin inkişafı üçün bu cür məkanların əhəmiyyətini vurğulayaraq, gələcəkdə burada keçiriləcək layihələrin gənclərin həyatına müsbət təsir edəcəyini qeyd ediblər.
Rəsmi hissə yekunlaşdıqdan sonra qonaqlar və gənclər məkanın müasir şəraiti ilə tanış olublar. Açılış mərasimi musiqili-əyləncəli proqramla yekunlaşıb.
Yevlax Gənclər Məkanı bundan sonra gənclərin yeni layihə və təşəbbüsləri üçün geniş imkanlar təqdim edərək, onlara dəstək olmağa davam edəcək.