AZ

"Əsrin müqaviləsi" ilə Azərbaycanın inkişaf strategiyasının əsası qoyuldu



"Sentyabrın 20-də Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalandı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı təmsil edən 11 beynəlxalq neft şirkəti, Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta iştirak edib".

Newscenter.az-ın xəbərinə görə, bunu deyən politoloq Yusif Bağırzadə deyib ki, sözügedən müqavilənin imzalanmasına qədər çox çətin bir yol keçilib:

"1994-cü il fevralın 4-də Ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalandı. Bu sənəd respublikamızın dəniz neft və qaz yataqlarının kəşfində və işlənməsində xarici neft şirkətlərinin iştirakına dair bütün detalları özündə əks etdirirdi və sərmayəçilərin neft sənayesində iştirakına geniş şərait yaratdı. Bundan sonra dünyanın aparıcı xarici neft şirkətlərinin - “AMOKO”, “British Petroleum”, “Statoyl”, “Penzoyl”, “Remko”, “Yunokal”, “Mak Dermott”, “Türk Neft Şirkəti”nin Azərbaycan hökuməti ilə səmərəli və konkret nəticələri olan danışıqları intensivləşdi. Artıq 1994-cü ilin aprel-may aylarında xarici neft kompaniyaları Xəzərin Azərbaycana məxsus “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşfi, həmçinin, işlənməsi ilə əlaqədar öz təkliflərini və investisiya proqramlarını hazırlamağa başladılar. Xarici dövlətlər dünyanın neft möcüzəsi olan Azərbaycanla uzunmüddətli sazişin imzalanmasına can atırdılar. 1994-cü il sentyabrın 14-də imzalanan “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərman artıq beynəlxalq sazişin imzalanmasının qətiləşməsi demək idi. Nəhayət, sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tarixə “Əsrin müqaviləsi” kimi düşən qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi, həmçinin, ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu".

Yusif Bağırzadə deyib ki, bu müqavilənin imzalanması ilə Azərbaycanın inkişaf strategiyasının, uzunmüddətli tərəqqi konsepsiyasının əsası qoyuldu:

"1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edilməyə başladı. Hasil olunan nefti dünya bazarına çatdırmaq üçün ilkin mərhələdə Bakı-Novorossiysk kəmərindən istifadə olunurdu. 1999-cu ildə is\ Supsa limanına Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. Azərbaycan neftini dünya bazarına çıxaran əsas kəmər - “Bakı-Tiflis-Ceyhan” isə 2005-ci ildə istismara verilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.
Bu müqavilə sayəsində Azərbaycan neft-qaz sazişlərində beynəlxalq şirkətlərə özünü ciddi oyunçu kimi təqdim edə bildi. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İndi 30 yaşı tamam olan bu müqavilə ölkəmizin qısa zaman kəsiyində inkişaf yoluna qədəm qoymasını təmin etməklə yanaşı, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi təkan verdi, Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasını gücləndirdi. Bu gün Azərbaycan öz inkişaf sürətinə görə nəinki regionda, dünyada seçilən dövlətlərdən sayılır. O baxımdan ki, az bir zamanda dövlət büdcəsinin 10 dəfələrlə artması, qeyri-neft sektorunun yüksək sürətli inkişafı bir daha sübut etdi ki, “Əsrin müqaviləsi” ölkəmizin inkişafında böyük rol oynadı".

Süleyman
Seçilən
25
50
newscenter.az

10Mənbələr