Venesuela Argentina prezidenti Xavyer Mileinin ölkəyə məxsus yük təyyarəsini ələ keçirdiyi səbəbi ilə onun həbsinə order verib.

İndex.az xəbər verir ki, Venesuelanın Baş Prokuroru Tarek Saab dünən Mileinin həbsinə order vermək üçün iki xüsusi prokuror təyin etdiyini açıqladı.

Bildirilib ki, Mileinin bacısı və baş müşaviri Karina Milei və Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç barəsində də həbs orderi verilib.

Qərar Argentinanın 2022-ci ilin avqustunda Venesuelanın Emtrasur şirkətinin yük təyyarəsini ələ keçirməsi ilə bağlıdır.

7 iyun 2022-ci ildə Venesuelanın paytaxtı Karakasa dönməsi planlaşdırılan təyyarə yanacaq çatışmazlığı səbəbindən bu uçuşu edə bilməyib və 8 iyunda yanacaq almaq üçün Argentinadan Uruqvaya hərəkət edib. Lakin Uruqvay hava məkanını bağladıqdan sonra o, yanacaq almadan Argentinaya qayıdıb.

ABŞ Venesuela yük şirkəti Emtrasurun İranın Mahan Hava Yollarından aldığı təyyarənin “İranla bağlı ixrac məhdudiyyətləri” çərçivəsində ələ keçirildiyini açıqlayıb. ABŞ Maliyyə Nazirliyi 2019-cu ildə İran aviaşirkətini İnqilab Keşikçiləri Ordusu ilə əlaqəsi olduğu üçün sanksiyalar siyahısına daxil edib.

Vaşinqton administrasiyasının tələbi ilə bu ilin fevralında ABŞ-a göndərilən təyyarə daha sonra sökülüb.

Hadisə Buenos Ayres və Karakas arasında böhrana səbəb olub. Venesuela lideri Nikolas Maduro yük təyyarəsinin Argentina və ABŞ-ın əməkdaşlığı ilə oğurlandığını iddia edib.

Venesuela Baş prokuroru Saab Milei administrasiyasının hərəkətlərinin cinayət təşkil etdiyini iddia edərkən, Argentina Xarici İşlər Nazirliyi ABŞ ilə ikitərəfli razılaşmaya uyğun hərəkət etdiyini və təyyarənin ələ keçirilməsinin qanunsuz olmadığını müdafiə edir.