AZ

BİZİM TƏQVİM: 20 sentyabrda baş vermiş tarixi hadisələr

1994-cü ilin bu günündə Bakıda “Gülüstan” sarayında dünyanın 11 ən iri neft şirkəti ilə “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında saziş imzalanıb. Həmin saziş tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olub. Ulu öndər Heydər Əliyevin 2001-ci il 16 avqust il tarixli Fərmanı ilə sazişin imzalandığı gün ölkəmizdə neft sənayesi işçilərinin peşə bayramı elan edilib. 

Bəs sentyabrın 20-də dünyada daha nələr olub? 

1. 20 sentyabr 622-ci ildə Məhəmməd Peyğəmbər ilə Hz. Əbu Bəkir Məkkədən Mədinəyə hicrət etdi. 

2. 20 sentyabr 1519-cu ildə Fernan Magellanın rəhbərliyi ilə ilk dünya səyahəti – ispan dəniz ekspedisiyası başlanıb. 

3. 20 sentyabr 1827-ci il Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının strateji əhəmiyyətli Sərdarabad qalasını ələ keçiriblər. Sərdarabad Ermənistan sovetləşəndən sonra eyniadlı rayonun mərkəzi olub. 1932-ci ildə Oktemberyan, 1992-ci ildə Armavir adlandırılıb. 

4. 20 sentyabr 1924-cü ildə İraqın şimalında Kərkük türklərinin yaşadığı və neftlə zəngin olan Mosul bölgəsi ilə bağlı məsələ Millətlər Liqasının müzakirəsinə verilib. O vaxt İraq Britaniyanın protektoratlığında idi, Mosula isə Türkiyə iddia edirdi. Millətlər Liqası Britaniyanın istədiyi qərarı çıxardı və Mosul İraqın tərkibində (ingilislərin nəzarətində) qaldı. 

5. 20 sentyabr 1942-ci ildə Ukraynanın Letiçev şəhərində alman qüvvələri iki gün ərzində təqribən 3 min yəhudini öldürdü. 

6. 1951-ci ilin 20 sentyabr günü Türkiyə NATO-ya qoşuldu. 

7. 20 sentyabr 1981-ci ildə İranda 149 sol meyilli silahlı edam edildi.   

8. 20 sentyabr 1984-cü ildə Beyrutdakı ABŞ Səfirliyinə edilən bombalı intihar hücumunda ikisi amerikalı 23 nəfər öldü. Yaralanan 60 adam arasında ABŞ və İngiltərə səfirləri də var idi. 

9. 20 sentyabr 1988-ci ildə Naim Süleymanoğlu Seul Olimpiadalarında ağırlıqqaldırmada 6 dünya rekordu qırdı. 

10. 20 sentyabr 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclis ölkənin MDB-yə daxil olmasına səs verdi. 

11. 20 sentyabr 2013-cü ildə Bakının Qaradağ rayonunda Prezident İlham Əliyevin iştirakı ilə gəmiqayırma zavodunun açılış mərasimi olub.  

12. 20 sentyabr 2014-cü ildə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Bolqarıstan Prezidenti Rosen Plevneliyevin, Gürcüstanın, Yunanıstanın, Monteneqronun hökumət başçılarının, Türkiyə, Albaniya, Böyük Britaniya və digər ölkələrin hökumətlərinin, beynəlxalq təşkilatların və xarici şirkətlərin yüksək vəzifəli şəxslərinin iştirakı ilə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. Dəhliz üzrə 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə Avropaya Azərbaycan qazının nəqlinə başlamaq planlaşdırılır. 

13. 20 sentyabr 2014-cü ildə terror təşkilatı DEAŞ tərəfindən girov götürülən  Türkiyənin Mosul Baş Konsulluğu işçiləri və ailələri sərbəst buraxıldı. 

Sentyabrın 20-də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. 20 sentyabr 1907-ci ildə Məşhur Azərbaycan riyaziyyatçısı, akademik Əşrəf Hüseynovun doğum günü (1907-1981). Akademik Ə.Hüseynov dünya elmində qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin banisi hesab edilir. O, çoxsaylı elmi məqalələrin, dərslik və monoqrafiyaların müəllifidir. 

2. 1934-cü ilin bu günündə Məşhur italyan aktrisası, Kann, Venesiya, Moskva, Berlin kinofestivallarının fəxri mükafatlarına layiq görülmüş Sofi Loren anadan olub. 

3. 20 sentyabr 1918-ci ildə Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, respublika Dövlət mükafatı laureatı Mürsəl Nəcəfov (1918-1997) anadan olub. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin katibi işləyib. 

4. 20 sentyabr 1993-ci ildə kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər İbrahimov (29.4.1919 – 1993) vəfat edib. Bakı Kinostudiyasında, “Mosfilm”də işləyib. Filmləri: “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) və s. 

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
110
24
bizim.media

10Mənbələr