AZ

Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər

Ağızdan gələn xoşagəlməz qoxu - həssas, lakin çox geniş yayılmış bir problemdir. Statistikaya görə, 30 yaşdan yuxarı hər dörd nəfərdən biri bu problemlə üzləşir. Bir çox hallarda təravətli olmayan nəfəsin səbəbləri ağız boşluğunda gizlənir, lakin bəzi hallarda bu problem mədə-bağırsaq traktı və ya LOR orqanlarının xəstəlikləri ilə əlaqəli ola bilər.
 
Rusiyalı məşhur həkim-qastroenteroloqu Yekaterina Şesler bununla bağlı tövsiyələrini verib.
 
O bildirib ki, səhər yuxudan sonra, yaxud kəskin qoxulu qidalar qəbul etdikdən sonra ağızdan gələn xoşagəlməz qoxu tamamilə normal haldır.
 
"Bütün digər hallarda ilk növbədə ağız boşluğu xəstəliklərini: kariyesi, diş ətinin iltihabını və pis gigiyenanı istisna etmək lazımdır; Yəni təkcə diş fırçası və diş pastasından deyil, həm də diş ipindən, lazım gəldikdə isə irriqatordan müntəzəm istifadə etmək çox vacibdir. Əgər problem gigiyenada deyilsə, stomatoloqa müraciət edilməlidir", - deyə mütəxəssis qeyd edib.
 
Həkimin sözlərinə görə, ağızdan gələn qoxu burun ətrafı sinusların xroniki iltihabı və badamcıqlarda tıxaclarla da əlaqəli ola bilər.
 
"Həmçinin bəzi mədə-bağırsaq traktı xəstəlikləri də buna səbəb ola bilər, məsələn, zenker divertikulu (qida borusunun arxa divarının çıxıntısı). Xəstəlik boğazda qaşınma hissi, quru öskürək, yad cisim hissi, artmış tüpürcək ifrazı ilə özünü göstərə bilər. Yaxud qastroezofageal reflüks - yəni mədə möhtəviyyatının qida borusuna atılması ağızdan qoxu gəlməsinə gətirər", - deyə qastroenteroloq vurğulayıb.
 
O, həmçinin bu diskomfort vəziyyətin şəkərli diabetin əlamətlərindən biri ola biləcəyini deyib.
 
"Ammonyak qoxusu isə xroniki böyrək çatışmazlığının əlaməti ola bilər. Buna görə də utanmamaq və sağlamlıq üçün təhlükəli xəstəlikləri istisna etmək üçün bu həssas problemlə vaxtında həkimə müraciət etmək çox vacibdir", - deyə Şesler fikrini yekunlaşdırıb./Oxu.az
Seçilən
19
40
moderator.az

10Mənbələr