Qlobal miqyasda müşahidə olunan qeyri-sabitlik fonunda təhlükəsiz tranzit marşrutlarından istifadənin əhəmiyyəti daha da artıb.
Rusiya və İranın sanksiyalara məruz qaldığı bir dövrdə Çin, Mərkəzi Asiya və Avropanın Azərbaycandan keçən Orta Dəhlizə baxış bucağı genişlənir. Xüsusən də, Çin Rusiya-Ukrayna müharibəsinin Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırdığı üçün Orta Dəhlizə xüsusi önəm verir. Orta Dəhliz məsafə və müddət baxımından Şimal Dəhlizinə əsas alternativ hesab edilir.
Rusiya ilə Qərb arasında qlobal təhlükəsizlik məsələlərində yaranmış fikir ayrılığının hətta Ukraynada davam edən müharibənin başa çatmasından sonra da bir neçə onilliklər boyu davam etməsi ehtimalı isə Orta Dəhlizin qlobal ticarətdəki gələcək rolunun artmasına imkan verir.
Məhz bunun nəticəsidir ki, ayrı-ayrı ölkələr və daşıma şirkətləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər.
Eyni zamanda Orta Dəhlizin Cənub qolu Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat şaxələndirilməsinə ehtiyacları qarşılayan optimal həll yoludur. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhlizin Cənub marşrutu Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrutdur.
Orta Dəhliz layihəsi praktikada
Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə gələn yüklər Ələt limanında qəbul edilərək ölkəmizin ərazisində müasir infrastrukturla Orta Dəhlizə inteqrasiya edilmiş marşrutlara yönəldilir. Hazırda tələbatın artması ilə əlaqədar olaraq Azərbaycan Ələtdəki dəniz limanının ötürücülük imkanlarının genişləndirilməsi layihəsinin icrasını da uğurla davam etdirir. Azərbaycanı Mərkəzi Asiya türk dövlətlərindən nəqliyyat sahəsində fərqləndirən əsas cəhət ölkəmizin bütün nəqliyyat arteriyalarının kəsişdiyi nöqtədə olmasıdır.
Orta Dəhliz və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Konsorsiumun üzvləri: Çində-Çin Dəmir Yolları, Qazaxıstanda-KTZ Ekspress, Xəzər dənizi üzrə Xəzər Dənizi Gəmiçiliyi, Azərbaycanda-ADY Express, Gürcüstanda-Trans Qafqasus Terminals Şirkətləridir. Bu dəhliz üzrə hərəkət edən “Nomad Ekspress” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
Orta Dəhliz vasitəsi ilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə, digəri oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars layihəsi istismara verildikdən sonra Orta Dəhliz vasitəsi ilə yükdaşımaların xərcləri xeyli aşağı düşüb. Nəticədə tranzit yükdaşımalarının həcmi daha da artıb.
Orta Dəhlizin təkmilləşdirilməsi
Bu ilin 19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır. Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir.
“Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir. Bu multimodal marşrutun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması, marşrut boyu koordinasiyanın və ümumilikdə marşrutun inkişafının səmərəli təşkili məqsədilə kollegial orqanın – assosiasiyanın təsis edilməsi ehtiyacı yaranıb”, – R.Rüstəmov qeyd edib.
ADY sədri bildirib ki, Xəzərin Qərb tərəfində BTQ xətti ilə yanaşı, Orta Dəhlizin daha bir qolu olaraq Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq, Orta Dəhlizlə Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın həm özü, həm də tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir.
“Xəzərin Şərq tərəfinə gəldikdə isə Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçməklə Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta Dəhliz ilə TransƏfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da vardır”, – deyə R.Rüstəmov əlavə edib.
ADY sədri çıxışında qeyd edib ki, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün strukturlu iş aparılmalı, dəhliz konsepsiyası inkişaf etdirilməli, tarif siyasəti formalaşdırılmalı, əməliyyatların effektivliyinin artırılması, daha sürətli və təhlükəsiz daşımalar üçün Orta Dəhliz üzrə rəqəmsal həllərin yeni marşrutda tətbiqi imkanları öyrənilməli və tətbiq edilməlidir.
Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin genişləndirilməsi
ADY 2023-cü ildə BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinə başlayıb və bu ilin yazında 5 mərhələ üzrə həyata keçirilən işləri uğurla başa çatdırıb.
2024-cü il mayın 20-sindən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalarına təkrar start verilib. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Qeyd edək ki, BTQ-nın genişləndirilməsi istiqamətində görülmüş kompleks işlər bu marşrutla daşımaların sürətini artırmağa, daşınan yüklərin təhlükəsizliyini təmin etməyə, çevik tarif siyasəti yürütməyə, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla daha çox tranzit yükün ölkə ərazisindən keçirilməsinə nail olmağa hesablanıb.
Azərbaycan-Gürcüstan birgə müəssisəsinin yaradılması
13 avqust 2024-cü il tarixində ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb. Yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasında həlledici rol oynayacaq.
Birgə müəssisənin yaradılması 2007-ci il fevralın 7-də BTQ dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Kartsaxi (Türkiyə Respublikası sərhədinə qədər) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında imzalanmış Sazişə istinadən həyata keçirilib. Sazişə əsasən sözügedən sahənin inşası başa çatdıqdan və istismara verildikdən sonra, sahənin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ADY-nin törəmə cəmiyyəti ilə “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə cəmiyyəti tərəfindən bərabər payla (yəni nizamnamə kapitalındakı paylar təsisçilər arasında bərabər bölünəcək) Gürcüstanın qanunvericiliyinə uyğun təsis ediləcək hüquqi şəxsə - Birgə Müəssisəyə verilir. Birgə Müəssisə Marabda-Kartsaxi sahəsinin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılmış kredit borcunun tam olaraq geri ödənilməsini həyata keçirəcək.
Orta Dəhliz üzrə daşımalar
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, Azərbaycan dəmir yolları vasitəsi ilə 2022-ci ildə tranzit yük daşımaları 2,9 milyon ton artaraq 7,5 milyon ton, ümumi daşıma isə 3,7 milyon ton artaraq 18,7 milyon təşkil edib.
“Tranzit daşımaları 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artaraq 2,9 milyon ton olub.
Yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, cari ilin 7 ayı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə Orta Dəhliz üzrə yüklərin daşıma həcmlərinin 62% artıb.
Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 2,5 milyon ton yük daşınıb. Nazirlik bu il TBNM vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.
Orta Dəhlizin Cənub marşrutunun perspektivləri
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Orta dəhliz 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda daşınma müddətlərini iki dəfə azalda bilər.
“Buna qısa müddətdə çevik koordinasiya, logistika və rəqəmsallaşma yolu ilə səmərəliliyin artırılmasına nail olmaq mümkündür. Ən başlıcası, dəhliz üzərində institusional birliyin, çevik koordinasiyanın olması zəruridir”, deyə qurum rəhbəri bildirib.
Onun sözlərinə görə, investisiyaların və siyasi müdaxilələrin diqqətlə, ciddi şəkildə uzlaşdırılması ilə Orta Dəhliz müəyyən dərəcədə transkontinental ticarət üçün iqtisadi və geosiyasi dayanıqlılığı təmin edə biləcək. Dəhliz etibarlı marşrut kimi Mərkəzi Asiya və Cənubi Qafqazın ticarət və inkişaf potensialının açılmasına töhfə verərək, limanlara çıxış yolu ilə bu regionların Çinə, Avropaya və dünyaya inteqrasiyasına imkan yaradacaq.
Göründüyü kimi, Orta Dəhlizin Azərbaycandan keçən Cənub marşrutu üzrə yükdaşımaları ildən-ilə artır. Bu istiqamətdə görülən tədbirlər marşrutun gələcək illərdə daha da inkişaf edəcəyini göstərir. Yəni, Orta Dəhlizin yaxın dövrlərdə Asiyanı Avropaya birləşdirən əsas marşruta çevrilməsi potensialı yüksəkdir.
Bu isə ölkəmizə iqtisadi cəhətdən böyük imkanlar yaratmaqla yanaşı, Azərbaycanın geosiyasi rolunu daha da artıracaq.
İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin sədri, Bizim.Media