AZ

“Tramp seçilsə anti-Azərbaycan siyasətindən imtina ediləcək” –ELMAN NƏSİROV /MÜSAHİBƏ

 Milli Məclisinin V, VI və VII çağırış deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov hazırkı ictimai-siyasi proseslərlə bağlı Azpost.info-nun suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Qərb, xüsusilə də ABŞ-Azərbaycan gərginliyinin səbəbləri nələrdir?

-Heç kəsə sirr deyildi ki, son zamanlar Qərbin, xüsusilə də ABŞ-ın təzyiqləri artmaqdadır. Sual ortaya çıxır: Qərbi narazı salan, narahat edən nədir, Azərbaycanın yürütdüyü hansı siyasət onların baxışları ilə üst-üstə düşmür? Hesab edirəm, əsas fundamental səbəb odur ki, Azərbaycan dövləti və onun qalib Prezidenti, yenilməz ordusu, “dəmir yumruğ”a çevrilmiş xalqla birlikdə ərazi bütövlüyümüzü hərbi yolla təmin etməyi bacardı. Hansı ki, hərbi yolu Qərb qəbul etmirdi. Onların mövqeyi belə idi ki, Ermənistan-Azərbaycan münaqişəsinin yeganə həlli yolu sülhdən keçir. Əlbəttə, Azərbaycan bir müddət bu xəttə ümid bəslədi, inandı ki, yəqin Qərbin niyyəti xoşdur. Amma cənab Prezident İlham Əliyevin də dediyi kimi, gördük ki, onlar ikibaşlı oyun oynayırlar. Məqsədləri ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişəni donmuş vəziyyətdə saxlamaq, əbədi etməkdir. Qərb heç vaxt istəməyib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etsin. Lakin 44 gün davam edən və Azərbaycanın parlaq zəfəri ilə bitən İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan Ermənistan üzərində ikiqat qələbəni təmin etdi. Həm ərazi bütövlüyümüz və suverenliyimiz tam, qəti və əbədi olaraq təmin olundu, həm də regionun əsas gücü olduğunu təsdiqlədi. Bütün bu reallıqlar ABŞ başda olmaqla digər Qərb dövlətlərini, xüsusilə də Fransanı çox qayğılandırdı. Onlar açıq-aşkar Azərbaycana qarşı təzyiq kampaniyasına başladılar, həmin kampaniya bu gün də davam edir. Düşünürəm ki, təzyiq kampaniyasının güclənməsinin zamanı da təsadüfən seçilməyib. Məhz indiki məqamda təzyiq kampaniyasının intensivləşməsi Azərbaycanın COP29 kimi nəhəng beynəlxalq tədbirə ev sahibliyi etməsi ilə bağlıdır. Yaxşı anlayırlar ki, bütün dünyanın nəbzi Bakıda, Azərbaycanda döyünəcək, beynəlxalq diqqətlər Azərbaycana yönələcək. Belə olan vəziyyətdə beynəlxalq ictimai fikrə yalanla, qərəzlə, dezinformasiya ilə dolu məlumatları çatdırmaq əsas hədəfləridir.

Baxın, bunların iddiaları nə qədər gülüncdür. Guya Azərbaycan gedib Qarabağı işğal edib, ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirib və buna görə də Azərbaycan cəzalanmalıdır. Bir ölkə öz ərazilərini necə işğal edə bilər?! Bundan gülünc, ağlasığmaz yalan ittiham dünyanın heç yerində görünməyib. Hesab edirəm ki, bu, ikili standarların pik nöqtəsidir. ABŞ-ın 60-a qədər senator və konqresmeninin dövlət katibi Antoni Blinkenə müraciəti də eyni məntiqdən, daha doğrusu məntiqsizlikdən qaynaqlanır. Biabırçı haldır ki, ABŞ Konqresinin üzvlərinə bu məktubu yazdıran da əslində ABŞ Dövlət Departamentidir. O zaman Birləşmiş Ştatların hakimiyyət bölgüsü ilə bağlı eninə-uzununa yaydığı təbliğat tamamilə alt-üst olur. ABŞ bir yandan özünü demokratik ölkə kimi təqdim edir, reallıqda isə qanunverici hakimiyyət icra hakimiyyətinin diktəsi altında fəaliyyət göstərir. Bu, ABŞ demokratiyasının ciddi böhran yaşadığını göstərən əlamətlərdən biridir.

-ABŞ-Azərbaycan münasibətlərində gərginliyin pik həddə çatmasının səbəbləri aydın oldu. Bəs bu gərginliyin iki ölkə arasındakı münasibətlərə bundan sonrakı təsiri nələr olacaq?

-Bilirsiniz, Azərbaycanla təzyiq dilində danışıb nəyəsə nail olmaq istəyirlər. Halbuki mümkün deyil. Çünki Azərbaycanın işi haqq işidir. Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev fərqindədir ki, bizə qarşı bu təzyiqlər nədən qaynaqlanır. Belə absurd iddia əsasında formalaşdırdıqları təzyiq dalğasının məqsədi Azərbaycanı müstəqil xarici siyasət kursundan imtina etdirməkdir. Niyyətləri odur ki, Azərbaycan siyasi rəhbərliyi milli maraqlardan deyil, diktə etmək istəyən tərəflərin maraqlarından çıxış etsin. Bu isə mümkünsüzdür. Çünki müstəqil xarici siyasət kursunu Ulu Öndər Heydər Əliyev müəyyən edib və cənab İlham Əliyev də həmin kursu rəhbər tutaraq, inkişaf etdirərək tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub, tarixi ədalət bərpa edilib, Qarabağda separatçılığın kökü kəsilib. Bu reallıqlar fonunda anti-Azərbaycan qüvvələr birləşib ölkəmizə qarşı təxribatçı addımlar atırlar. Yenə də deyirəm, bunların heç bir nəticəsi olmayacaq.

-Gərginliyin yaxın zamanlarda səngiməsi ehtimalı nə qədərdir?

-Mənə elə gəlir ki, ABŞ bir müddət sonra öz səhvini anlayacaq. Ümid edirik ki, 5 noyabr tarixində, ABŞ-da keçiriləcək prezident seçkilərində Azərbaycana qarşı haqsız, qərəzli davranış nümayiş etdirən demokratlar adminstrasiyası hakimiyyətdə qalarsa, öz siyasətinə yenidən baxacaq. Respublikaçılar hakimiyyətə gələrsə, demokratların anti-Azərbaycan siyasətindən imtina edəcək. Biz buna çox inanırıq. Xüsusilə də, inanırıq ki, Azərbaycanın Cənubi Qafqazdakı yeri, yaratdığı yeni reallıqlar, coğrafi vəziyyət, ölkəmizin uğurlu daxili və xarici siyasəti, demokratik ənənələrə sadiqliyi, regionda sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasında oynadığı rol yeni adminstrasiyanın diqqətindən qaçmayacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq təhlükəsizliyə çox ciddi töhfələr verir. Beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmiz yaxından iştirak edir və bu sahədə uğurlar var. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində ciddi rol oynayır.

-Demək olar ki, qopan AŞPA-Azərbaycan münasibətlərində dönüş gözləniləndirmi?

-AŞPA da Qərbin Azərbaycana qarşı təzyiq kampaniyasında iştirak edən bir qoldur. AŞPA 2025-ci ilin yanvar ayınadək Azərbaycana qarşı sanksiya tətbiq edib. Səbəb, əslində bəhanə də odur ki, guya biz Qarabağda ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişik, Qarabağı işğal etmişik və s. Fikir verirsiniz, ABŞ Konqresinin əsassız ittihamları ilə AŞPA-nın ittihamları eynidir. Amma yenə də deyirəm ki, bu ittihamların və təzyiqlərin heç bir mənası yoxdur. Yaxşı olardı ki, bunu AŞPA-dakılar anlasınlar. Onlar dərk etməlidirlər ki, Azərbaycanla təzyiq, təhdid dili ilə danışmaq özlərinə zərər verir. Unutmasınlar ki, Azərbaycan Cənubi Qafqazın əsas aparıcı dövlətidir. Həm təhlükəsizliyin təmini baxımından, həm demokratik inkişaf ənənələrinə sadiqlik baxımından, üzərinə götürdüyü öhdəliklərin ləyaqətlə yerinə yetirilməsi baxımından Azərbaycan örnəkdir. Belə bir dövlətlə münasibətləri gərginləşdirmək AŞPA-nın da maraqlarına uyğun deyil. Hesab edirəm ki, AŞPA-nın rəhbərliyi özündə güc, iradə tapıb 2025-ci ilin yanvar ayında bir il öncəki səhvlərini təkrarlamayacaq, Azərbaycan nümayəndə heyəti barədə müsbət qərar verəcək.

Təəssüf ki, AŞPA-nın payız sessiyasının ilk iclasında yenə də anti-Azərbaycan dairələr fəallıq nümayiş etdirdilər, ölkəmizə qarşı qərəzli mövqe ortaya qoydular. Görünən odur ki, hələ də özlərinin ağalarından aldıqları təlimata uyğun mövqe sərgiləyirlər. Lakin düşünürəm ki, gec-tez həqiqət öz yerini tapacaq. Azərbaycanı başqa dövlətlərlə səhv salmasınlar. Unutmasınlar ki, Azərbaycan güclü dövlətdir. Azərbaycanın regionla yanaşı, regiondan kənardakı proseslərə də ciddi təsirləri var.

-Rusiyanın Cənubi Qafqazla bağlı siyasətini necə qiymətləndirmək olar?

-Qərb-Rusiya ziddiyyətləri Cənubi Qafqazda kəskinləşir. Rusiya özünün yeniləşmiş xarici siyasət konsepsiyasında Cənubi Qafqaz regionunu, bütövlükdə postsovet məkanını maraq zonası elan edib. MDB dövlət başçılarının Moskvada keçirilən son iclasında da bir daha MDB məkanı ilə bağlı deyilənlər, əməkdaşlığın genişləndirilməsi, müxtəlif sferalarda əməkdaşlığın yeni mərhələyə keçməsi vurğulandı. Avrasiyada təhlükəsizlik mühiti ilə bağlı prinsiplərin müəyyənləşdirilməsi əsas hədəf kimi qeyd olundu. Moskvada regiondan kənar qüvvələrin bölgə dövlətlərinin daxili siyasətinə qarşı mövqe ortaya qoyuldu.

Rusiyanın və Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində sanki yarışa çıxmasına gəlincə, Azərbaycan liderinin prinsipial mövqeyi ondan ibarətdir ki, bizə vasitəçilər lazım deyil. Bakı və İrəvan sülh danışıqlarını ikitərəfli formatda apardıqda daha ciddi və müsbət nəticələr əldə edirlər. Amma ayrı-ayrı aktorlar bu prosesə töhfə vermək istəyirlərsə, Azərbaycan nəzakət xatirinə də olsa, buna loyal yanaşır. Lakin əsas mövqe və xətt ondan ibarətdir ki, biz ikitərəfli formatda razılaşmalar əldə edək. Ayrı-ayrı dövlətlər isə vasitəçi yox, tənzimləmə prosesində, danışıqlar prosesində təşkilatçı kimi çıxış edə bilərlər. Müxtəlif paytaxtlar görüşlər təşkil edilə bilər, amma birbaşa prosesdə vasitəçi kimi rol oynaya bilməzlər. Yəni Bakının mövqeyi bundan ibarətdir.

-Hazırda Yaxın Şərq münaqişə məkanıdır. İran-İsrail gərginliyinin, qarşıdurmasının Azərbaycana təsirləri nələrdir?

-Azərbaycan İranla qonşu dövlətdir. İranda bizim 35 milyondan artıq soydaşımız yaşayır. Eyni zamanda, Azərbaycanla İsrailin fundamental məsələlərdə mövqeyi üst-üstə düşür. Məsələyə bu kontekstdə yanaşdıqda, Azərbaycan dövləti çox istərdi ki, İran və İsrail arasındakı qarşıdurma dinc yolla, sülhlə yekunlaşsın. Azərbaycan regionda yeni bir müharibənin, qarşıdurmanın olmasında qətiyyən maraqlı deyil. Bu, Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının və xarici siyasət doktrinamızın mahiyyətindən irəli gələn yanaşmadır. İstəyirik ki, rəsmi Tehran və Təl-Əviv arasındakı gərginlik danışıqlar yolu ilə aradan qalxsın, münasibətlər sülhlə tənzimlənsin. Regionda genişmiqyaslı müharibənin olması böyük fəlakətlərə səbəb olar. Nəzərə alsaq ki, İran qonşu dövlətdir, İsraillə münasibətlərimiz inkişaf tempinə malikdir, Azərbaycan bir çox hallarda belə gərgin münasibətlərin normal məcraya düşməsinə töhfə verə bilən ölkə kimi, bu iki ölkənin də münasibətlərinin nizamlanmasına töhfə verə bilər. Bu barədə hər iki ölkə düşünə bilər.

-Yeddinci çağırış Milli Məclisə keçirilən seçkiləri necə qiymətləndirirsiniz?

-Milli Məclisə keçirilən seçkilərə qiymət verərkən nəzərə almaq lazımdır ki, 1993-cü ildən üzü bu yana keçirilən bütün seçkilərin favoriti və qalibi YAP olub. Ulu Öndər Heydər Əliyevin “Dünənin, bu günün və sabahın partiyası” adlandırdığı siyasi qüvvə olan YAP həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bu dəfə keçirilən parlament seçkilərində Milli Məclisdə 125 mandatdan 68-ini məhz YAP qazanaraq hakim partiya kimi qaldı. Hər kəs gördü ki, qanun pozuntuları müşahidə edilməyən, şəffaf və demokratik seçkilər keçirildi. Beynəlxalq müşahidəçilərin gəldiyi qənaət belədir ki, Azərbaycanda keçirilən hər bir seçki ölkənin demokratik inkişafı yolunda yeni mərhələdir. Biz onun da fərqində olmalıyıq ki, demokratiya bir prosesdir, orada son nöqtə yoxdur. Hansı dövlət bəyan etsə ki, o demokratiyanın zirvə nöqtəsindədir, bu, yanlışdır. Azərbaycan demokratiya prosesində ən mühüm həlqələrdən biridir və ölkəmiz demokratik inkişaf yolu seçib, o yolla da gedir. Seçkilərin şəffaf, demokratik keçirilməsi də bunu təsdiqləyir. Əldə olunan nailiyyətlər beynəlxalq müşahidəçilər tərəfindən müsbət qiymətləndirilir.

-Yeni çağırış parlamentin əsas hədəfləri nələr olacaq?

-Bundan əvvəlki çağırış Milli Məclisin fəaliyyəti dövründə 44 günlük müharibə oldu və Azərbaycan böyük zəfər qazandı, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Bu qələbədə  şübhəsiz ki, Milli Məclisin fəaliyyətinin də rolu oldu. Eyni zamanda, Milli Məclisin əsas hədəfi şübhəsiz ki, yeni reallıqda azad edilmiş torpaqlarımıza qayıdış prosesinə töhfə  vermək idi. Qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni mütərəqqi qanunların qəbul edilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı lazımi addımların atılması ötən çağırış Milli Məclisin əsas hədəfi idi. Yeddinci çağırış Milli Məclis əvvəlki çağırış Milli Məclisin siyasətini davam etdirəcək. Çünki düşmən 30 ildən çox işğalda saxladığı ərazilərdə daşı-daş üstündə qoymayıb. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində addımları davam edəcək. Həmçinin parlament diplomatiyasının inkişafı əsas hədəflərdən biridir. Nəzərə alsaq ki, Milli Məclis sədri, hörmətli Sahibə xanım Qafarovanın rəhbərliyi altında ötən çağırış parlament öz fəal diplomatiyası ilə adını yazdırdı. Həmin siyasətin yeni çağırış Milli Məclis tərəfindən də davam etdirilməsi hədəflərdən biri olacaq.

Anar ABDULLA

Azpost.info

 

Seçilən
211
50
azpost.info

10Mənbələr