AZ

“Fələstin dövləti qurulmadan İsraillə münasibətlər normallaşmayacaq” - Nazir

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan Krallığın beynəlxalq tərəfdaşlıqlarını şaxələndirməyə çalışdığını bildirib.

Hafta.az-ın yazdığına görə, Ər-Riyadda 8-ci Gələcək İnvestisiya Təşəbbüsü (FII8) konfransında dialoq sessiyasında danışan nazir bir sıra m\əsələlərə dair ölkəsinin mövqeyini açıqlayıb.

XİN başçısı Səudiyyə Ərəbistanının ABŞ-la əlaqələrinin yüksək səviyyədə olduğunu, Krallığın Vaşinqtonla hərtərəfli iqtisadi tərəfdaşlığa malik olduğunu vurğulayıb. Bununla belə, nazir qeyd edib ki, ABŞ-la müdafiə sahəsində hər hansı əməkdaşlıq sazişi daha mürəkkəb ola bilər.

ABŞ-da keçiriləcək seçkilərə toxunan Şahzadə Feysəl bin Fərhan vurğulayıb ki, Səudiyyə Ərəbistanı istənilən gələcək Amerika prezidenti ilə səmimi müstəvidə işləməyə hazırdır. "Səudiyyə Ərəbistanının ABŞ prezident seçkilərində namizədlər arasında heç bir üstünlüyü yoxdur. Biz amerikalı seçicilər tərəfindən seçiləcək istənilən namizədlə işləməyə hazırıq", - o qeyd edib.

İsraillə münasibətlərin normallaşmasına gəlincə, xarici işlər naziri deyib ki, müstəqil Fələstin dövləti qurulmadan İsraillə münasibətlərin normallaşması olmayacaq.

Şahzadə Feysəl iranlı həmkarı Abbas Əraqçiyə regionda hər hansı gərginliyin qarşısının alınmasının vacibliyini bildiridiyini deyib: "Tehran bizə bildirdi ki, regional eskalasiya tsiklinin davam etməsi onların marağında deyil. Səudiyyə Ərəbistanının İranla dialoqu münasibətləri düzgün istiqamətdə saxlamaq məqsədi daşıyır".

Xarici işlər naziri vurğulayıb ki, Səudiyyə Ərəbistanının siyasəti regional gərginliyə çəkilməkdənsə, diqqəti inkişafa yönəltməyə sadiqdir. O qeyd edib ki, ölkəsi regiondakı böhranlarla mübarizə aparmaq və sabitliyi qorumaq qabiliyyətinə malikdir.

Fələstindəki vəziyyətə gəlincə, şahzadə Feysəl ölkəsinin Qəzzada atəşkəs üçün yollar tapmağa çalışdığını açıqlayıb. O ,“Qəzzanın şimalında baş verənlər bir növ soyqırımdır” deyib.

Nazir qeyd edib ki, Krallıq iki dövlətli həll məsələsinə diqqət yetirir,  Qəzza və Livanda atəşkəs səylərini dəstəkləyir. Hansı ki, Qəzzadakı atəşkəs danışıqları məhz İsrailin tələbləri səbəbindən dəfələrlə iflasa uğrayıb.

XİN başçısının sözlərinə görə, fələstinlilərin öz müqəddəratını təyin etmək və öz dövlətlərini qurmaq hüququ var. “Fələstin dövləti təxirə salınmadan Birləşmiş Millətlər Təşkilatının üzvü olmalıdır. Çünki Fələstin dövlətinin yaradılması beynəlxalq qanunlarla bağlıdır”, - o qeyd edib.

Livan məsələsinə gəlincə, nazir Krallığın hər zaman Livan xalqının yanında olduğunu bildirib. O, "Livandakı böhranın həlli xarici güclərə deyil, Livan xalqına bağlıdır" deyib.

Seçilən
96
22
hafta.az

10Mənbələr