AZ

3 gün qaldı: ABŞ-yə kim rəhbərlik edəcək?

Bunu demək çox çətindir. Çünki başabaş mübarizə gedir. Amma son günləri götürsək,Trampın şansı xeyli artıb. İndiki durumda reytinqlərə, gedişata baxsaq, respublikaçıların bir az üstünlüyü görünür.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a ekspert Natiq Cəfərli ABŞ-da 5 noyabrda keçiriləcək prezident seçkilərinin nəticələri ilə bağlı ehtimallarını bölüşərkən deyib.

Onun sözlərinə görə, böyük ştatların seçki nəticələri həlledici olacaq:

"ABŞ seçkiləri qəribə seçkiləridir. Oradan birbaşa prezidenti seçmirlər. Hər ştatdan prezidenti seçməyə xüsusi namizədlər var ki, onlar vasitəsi ilə seçirlər. Bir neçə ştat var ki, orada başabaş mübarizə gedir. Əsas o ştatlardan çıxan nəticələrdən asılı olacaq.Viskonsin, Karolina, Dakota, Pensilvaniya ştatlarının nəticələri ümumi nəticəyə təsir göstərir".

Politoloq Turab Rzayev də seçkilərin qalibi haqqında proqnoz verməyin asan olmadığını bildirib. O hesab edir ki, ABŞ cəmiyyətindəki qütbləşmə və beynəlxalq güclərin seçkidəki marağı nəticələri hər an dəyişə bilər:

"ABŞ seçkiləri ilə bağlı proqnoz vermək çətindir, çünki cəmiyyət tamamilə parçalanıb. Liberal-demokrat sol cəbhə ilə respublikaçı, millətçi mühafizəkarlar arasında ciddi uçqun var. Ölkənin sahillərilə mərkəzi arasında da fərqlər mövcuddur. Bu qütbləşmə ABŞ mediasında, debatlarda və siyasi mübarizələrdə açıq görünür. Namizədlər bir-birini təhqir edir, ağır ifadələr işlədir və şantaja əl atırlar. Bu seçkilərdə Tramp öz tərəfdarlarını birləşdirməyə səy göstərir, ona qarşı sui-qəsd cəhdləri reytinqini artırır. Kamala Harris isə liberal-demokrat qütbləri bir araya gətirməyə çalışır. Böyük şəhərlər demokratları dəstəkləyir. Trampın əyalət sistemində qələbə qazanma şansı var, ancaq ümumi seçkilərdə Harris daha çox səs alacaq. Beynəlxalq güclər də seçki prosesinə müdaxilə edir. İran, Çin kimi qüvvələr Harrisin, İsrail və Rusiya isə Trampın qalib gəlməsini istəyir. Bu mübarizə metodlarının daha da gərginləşəcəyi və əlavə şantaj materiallarının ortaya çıxacağını istisna etmək olmaz".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
71
2
milli.az

2Mənbələr