AZ

Milli Məclisin plenar iclası

Noyabrın 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb. Deputatlar Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi ilə məqsədyönlü siyasət sayəsində dövlətimizin daha da qüdrətləndiyini, iqtisadi inkişafla bağlı proqramların uğurla həyata keçirildiyini, vətəndaşların sosial rifah halının yüksəlməsi istiqamətində təqdirəlayiq addımların atıldığını, əhəmiyyətli infrastruktur layihələrinin icra olunduğunu, torpaqlarımızın 30 illik işğaldan azad edildiyini, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edildiyini vurğulayıblar.

Sonra gündəlikdə yer alan 9 məsələnin (ikinci oxunuş) müzakirəsi keçirilib. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədilə hazırlandığını deyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Komitə sədri, həmçinin “Daşınar əmlakın yüklülüyü haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. Bildirilib ki, adıçəkilən qanunun 21-ci maddəsi ilə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların dairəsi təsbit edilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətini açıqlayıb.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, bu sənəd uşaqların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə danışıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib

Gündəliyin sonuncu məsələsini – “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Arzu Nağıyev diqqətə çatdırıb.

Müzakirələrdən sonra bütün qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

 

Seçilən
103
6
xalqqazeti.az

10Mənbələr