HƏMAS yaraqlıları Qəzza zolağında qısamüddətli atəşkəs və 4 girovun azad edilməsi ilə razılaşmayıb. Fələstin təşkilatı və İsrail üçün belə bir təklif daha əvvəl Misir tərəfindən səsləndirilmişdi.
Qaynarinfo ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Qeyd olunur ki, dünən ABŞ Xarici İşlər Nazirliyinin rəhbəri Misirin xarici işlər naziri Bədr Abdelatti ilə söhbət edib, xüsusən də Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
"Dövlət katibi Qəzzada müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin təmin edilməsinin və humanitar yardımın artırılmasının və stabil şəkildə çatdırılmasının vacibliyini vurğulayıb", deyə ABŞ Dövlət Departamenti bildirib.
Eyni zamanda, Blinken qeyd edib ki, HƏMAS atəşkəsi təmin etmək və Qəzza sakinlərinə kömək etmək üçün hətta məhdud sayda girovları azad etməkdən yenidən imtina edib..
Misir nə təklif edib?
Təxminən bir həftə əvvəl məlum olub ki, Misir Qəzza ilə bağlı sülh təklifi irəli sürüb və bu təklif 48 saatlıq ilkin atəşkəslə başlamalı, bu müddət ərzində Həmas dörd israilli girovu azad etməli idi. Xarici medianın məlumatına görə, HƏMAS onları yaxın on gün ərzində azad etməli idi.
Misir prezidenti Əbdülfəttah əs-Sissi oktyabrın sonunda Həmas və İsrail arasında iki günlük atəşkəs elan etməyi təklif edib. Onun sözlərinə görə, təklifdə bəzi fələstinli məhbusların azad edilməsi və anklava humanitar yardımın çatdırılması da var.
İsrailin "The Times of Israel” nəşrinin yazdığına görə, girov götürülən 4 nəfər humanitar kateqoriyaya – yəni ya qadın, ya qoca, ya da xəstə olmalıdır.
Eyni zamanda ərəb diplomatları İsrail mediasına bildiriblər ki, Təl-Əviv də öz növbəsində yüzə yaxın fələstinli məhbusu azad etməlidir.
Nizami Bağırov