Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə I və II Qarabağ müharibəsinin iştirakçıları, qazilər və şəhid ailə üzvləri ilə görüş keçirilib.
Öncə universitetdə şəhidlərə həsr edilmiş xatirə guşəsi önünə gül dəstəsi qoyulub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfər, ordumuzun rəşadəti və işğaldan azad edilən toqpaqlar haqqında söhbət açıb. Qeyd edib ki, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifini darmadağın etdi. Xalqımız Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi.
Görüşdə Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, rektorun baş müşaviri Asif Cavadov, Botanika kafedrasının müdiri Vaqif Novruzov, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev, Gəncə Dövlət Universitetinin Fəxri professoru, I Qarabağ müharibəsi veteranı Zəfər Abbasov çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində əldə edilən böyük uğurlardan, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğulların düşmən üzərində qazandığı Qələbədən və hərbçilərimizin əzmkarlığından danışıblar.
Görüşdə I və II Qarabağ müharibəsinin qaziləri və iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və universitetin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Universitetin Həmkarlar İttifaqı Komitəsinin xətti ilə qazilərə və şəhid ailə üzlərinə 100 manat məbləğində pul mükafatı təqdim edilib.