AZ

Zəfər Gününə həsr olunmuş “Qərənfildən Xarıbülbülə” adlı tədbir keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi və Kürdəmir rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Qərənfildən Xarıbülbülə” adlı tədbir keçirilib.

Muzeydən Tehsil.biz-ə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Aran Regional filialının foyesində vətənpərvərlik mövzusunda yazılmış kitablardan ibarət sərgi ilə tanış olublar.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə muzeyin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, Kürdəmir rayon Mədəniyyət Mərkəzinin direktoru Sevinc Həsənova, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, rayon ziyalısı Vaqif Alıyev, yazıçı-hüquqşünas Əlisəfa Azayev, yazıçı-jurnalist Tofiq Abdullayev, şair Abduləziz Xanəhmədoğlu, şəhid anası Simuzər Bağıyeva, Şövqiyyə Azayeva və Müşgünaz Əliyeva çıxış ediblər. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, müqəddəs amal uğrunda canından keçmiş şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfərdən, azad olunmuş torpaqlarda aparılan quruculuq işlərindən bəhs edilib.

Sonda xalqımıza şanlı Zəfəri bəxş edən şəhidlərimizə, ordumuza, Qələbəmizə həsr olunan, vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirilib.

Seçilən
54
tehsil.biz

1Mənbələr