AZ

“Qalib Azərbaycan qlobal məkanda da öz sözünü deyir” - ŞƏRH EDİLDİ

“Sabah Azərbaycan xalqı, dövləti, bütün türk dünyası yenidən bayramı qeyd edəcək. Söhbət Azərbaycanın dörd il əvvəl əldə etdiyi tarixi zəfərin il dönümündən gedir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.

O, qeyd edib ki, Azərbaycan 4 il öncə əldə etdiyi tarixi zəfərlə həm də regionda, hətta belə deyək ki, qlobal məkanda yeni reallıqlar yaratdı: “Ondan sonrakı dövrdə atılan addımlar isə təkcə region ölkələrinin deyil, eyni zamanda beynəlxalq güclərin də həmin reallıqları qəbul etdiyini ortaya qoydu. Əslində bu da səbəbsiz deyil. Çünki bu reallıqlar Cənubi Qafqaza əbədi sülh və inkişaf vəd etməklə yanaşı, dünyanın bir sıra ölkələri üçün də yeni iqtisadi imkanlar yaradır”.

F.Əliyevin sözlərinə görə, Azərbaycan eyni zamanda qlobal məkanda baş verən proseslərə də həmişə olduğu kimi öz dəstəyini göstərir: “Məlum olduğu kimi bir neçə gün sonra, noyabrın 11-də ölkəmiz COP29 kimi dünyada nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək. Mən 8 noyabrdan 11 noyabra keçidi də simvolik dəyərləndirirəm. O mənada ki, 4 il öncə tarixi zəfərimiz nəticəsində Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə Cənubi Qafqazda bir işğal faktına, həm də bu işğalın gətirdiyi ekoloji fəlakətlərin, dağıntıların, təbiətin məhv edilməsinin davam etməsinə son qoyuldu, eləcə də bu gün COP29-a ev sahibliyi etməklə Azərbaycan dünyada ekoloji fəalkətlərin qarşısının alınmasına, yaşıl enerjiyə keçidə öz dəstəyini verir. Əminəm ki, Azərbaycan bundan öncəki digər beynəlxalq tədbirlərə ev sahibliyi zamanı göstərdiyi nümunəni bu dəfə də göstərəcək və buna kimsənin şübhəsi olmasın ki, Azərbaycan COP29-a təkcə sadəcə yüksək səviyyəli ev sahibi etməyəcək, eyni zamanda burada qəbul ediləcək qərarların qəbulundakı oynayacağı rol və təşəbbüslə də uzun illər xatırlanacaq. COP29 iştirakçıları dünyanı narahat edən ekoloji problemlərin həlli yollarına dair fikirləri, proqramları ortaya qoyacaq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
25
sia.az

1Mənbələr