AZ

Prezidentin təklifi - artan təhdidlərə qarşı hərbi güc

Ölkə başçısı Türk Dövlətləri Təşkilatının təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığını qabardıb; “Türk NATO”su qurmaq mümkün olacaqmı? 

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) önəmi haqqında fikirləri bu qurumun gələcək vizyonunun nələrdən ibarət olacağını ortaya qoyan yol xəritəsidir. Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırır. 

Prezident İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında diqqətçəkən məqama da toxunub. Dövlət başçısı deyib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, TDT-nin təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı böyük əhəmiyyət daşıyır: “Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”. 

TDT heç bir quruma, birliyə və ölkəyə qarşı qurulmuş təşkilat deyil. Çağdaş dünyada gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək üçün TDT-nin daha da güclənməsinə ehtiyac var. Məhz bu səbəbdən də dövlət başçısı hazırda dünyada artan təhlükələrə vurğu edərək müdafiə, TDT-nin təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığını qabardıb.  Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Qeyd edək ki, “Birləşdik-2024" əməliyyat-taktiki komanda-qərargah təlimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən Qazaxıstanın Aktau şəhərində keçirilib. Sosial Tədqiqatlar Mərkəzinin iyunda keçirdiyi rəy sorğusunda iştirak edənlərin 84.2%-i TDT-nin iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib. Yəni hərbi birlik formatı həm də sosial tələbdir.  Prezident İlham Əliyev TDT-nin hərbi bir strukturunun yaranmasının labudlüyünü bir neçə dəfə dilə gətirib. Bu baxımdan hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının tərkibində hərbi bir strukturun yaranma ehtimalı kifayət qədər böyükdür. 

Ramil

Ramil Məmmədli 

“Razıyam ki, Turan ordusu yaradılmasına doğru getməliyik. Niyə də "Türk NATO"su olmasın?! Dünyada müdafiə blokları təhlükəsizliyə qarşı güclərini artırırlar, türk dünyası da özünün hərbi strukturunu yarada bilər. Sadəcə, bunun tezliklə reallaşmasını ləngidən səbəblər var" - hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a şərhində belə deyir. Onun sözlərinə görə, hazırda birgə təlimlər keçirilməsi ilə prosesi inkişaf etdirmək mümkündür, lakin TDT-nin hərbi qanadının olması üçün böyük bir yol edilməlidir: “Əvvəla, nəzərə almaq lazımdır ki, Qazaxıstan və Qırğızıstan artıq hərbi blokda təmsil olunur. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir. Burada söz sahibi Rusiyadır. Türkiyə isə bu blokdan tamamilə uzaq və hətta münaqişə səbəbindən düşmən olan hərbi blokda yer alır - NATO üzvüdür. Azərbaycan və Özbəkistan KTMT-ni çoxdan tərk edib, biz Qoşulmama Hərəkatına sədrlik edirik və üzvük, heç bir hərbi bloka da qoşulmuruq. Əlqərəz, kifayət qədər ziddiyyətli  bir reallıq var və bu ölkələr Türk Dövlətləri Təşkilatına üzvdürlər. Təbii ki, bütün bu faktlar təşkilatın hərbi gücünün yaradılmasına əsl maneə olmur”.

Hərbi analitik hesab edir ki, əgər bu struktur hərbi blok şəklində yaradılacaqsa, Rusiya və İranın, eləcə də Qərbin reaksiyası diqqətlə izlənilməlidir. Eyni zamanda Azərbaycanın da artıq Qoşulmama Hərəkatından çıxmasını ehtiva edəcək. Lakin R.Məmmədli TDT-nin hərbi-texniki əməkdaşlıq şəklində birgə mərkəzinin yaradılmasını istisna etmir: “Üzv ölkələr hərbi müttəfiqlik bəyannaməsi bağlaya bilərlər ki, gələcəkdə təhdidlər olanda bir-birinə dəstək ifadə etsinlər. Türkiyə ilə artıq belə bir sənədimiz var. Əgər müdafiə blokuna çevriləcəksə, o zaman Rusiyanın xoşuna gəlməyəcəyini söyləmək lazımdır. O zaman KTMT daha da əhəmiyyətini itirmiş olacaq. Hesab edirəm ki, Türkiyənin NATO üzvü olması da nəzərə alınmalıdır. Yəni Ankara ikinci hərbi bloka qoşulmuş olacaq ki, bu çox da Amerikanı narahat etməməlidir. Məncə, təşkilatın daha çox əməkdaşlıq səviyyəsində hərbi gücünün yaradılması məqsədəuyğundur”.

Çingiz

Çingiz Qənizadə

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə dünyada hərbi eskalasiya risklərinin, təhdidlərin artdığı zamanda Azərbaycan Prezidentinin təklifini müsbət dəyərləndirir, bu ideyanın reallaşmasını labüd sayır. Ç.Qənizadənin fikrincə, yerləşdiyimiz coğrafiyanın hərbi-siyasi əhəmiyyəti nəzərə alınmalı, bölgədə kövrək və həssas proseslərin getdiyi diqqətdən qaçmamalıdır: “Bu baxımdan, Azərbaycan Prezidenti kifayət qədər mühüm təşəbbüslə çıxış edib. Türk dövlətlərinin hərbi qüdrəti, potensialı bir araya gətiriləndə xain güclər də, bölgədə məkrli oyunlar həyata keçirmək istəyənlər də gücümüzü görəcəklər, qiymətləndirəcəklər. Hazırda təkcə NATO və KTMT deyil, məsələn, ABŞ, Britaniya, Kanada, Avstraliyanın yaratdığı bir hərbi platforma da var. Yəni dünyada müttəfiqlər daha da əlaqələri yüksəldirlər. Bu təşkilata üzv ölkələrin də başda qardaş Türkiyənin ordusu olmaqla,  yetərincə böyük gücü var. Söhbət ondan getmir ki, hərbi struktur müharibəyə hazırlaşacaq, sadəcə, artan təhdidlər fonunda belə bir birliyə zərurət var”.

Hüquq müdafiəçisi TDT-nin böyük bir perspektivini görür: “Cənab İlham Əliyev və hörmətli Ərdoğan bu prosesin ən aparıcı liderləridir. Bu gün türkdilli ölkələr arasında yaxınlaşma sürətlənib, görüşlər intensivləşib, təmaslar artıb, müxtəlif səviyyəli tədbirlər təşkil olunur, Qarabağın bərpasına mümkün qədər dəstək olurlar... Yəni bu platforma zərurətdir, heç vaxt olmadığı qədər Türk dünyasının bir yaxınlaşması səhifəsi açılıb, prosesi sürətləndirmək lazımdır. Bu ölkələr təşkilatda ən müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndiriblərsə, təşkilatın hərbi strukturunun qurulması da mümkündür, ortada siyasi iradə də var”. 

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Türk Dövlətləri Təşkilatının (TDT) artıq yeni bayrağı qəbul edilib. Bayrağın dizaynında mavi fon üzərində səkkizbucaqlı, aypara və ulduz, mərkəzdə düz şüaları olan günəş təsvir edilib. Mavi fon təmiz səmanı, sülhü və rifahı simvolizə edir. Monoxrom fon türk xalqlarının birliyini ifadə edir. Tarixən mavi rəng türk mədəniyyəti və ənənələri ilə əlaqələndirilib ki, bu da onun mədəni əhəmiyyətini daha da gücləndirir. Səkkizbucaqlı əsrlərlə mövcud olan türk dövlətçiliyini təmsil edir, respublikanın (hürriyyət) təsdiqi, sabitlik, qarşılıqlı əlaqə və ümumi türk mədəni irsindən qaynaqlanan gücün rəmzi kimi çıxış edir. Türk və islam ənənələrində səkkizbucaqlı rəhbərlik və müdriklik rəmzidir, təşkilatın gələcək yoluna mayak rolunu oynayır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

Seçilən
23
1
musavat.com

2Mənbələr