AZ

Azərbaycanın Zəfər Tarixi: Qalibiyyətin qürur dolu günü

Bu gün Azərbaycan xalqı qürur və böyük sevinc hissi ilə Zəfər Gününü qeyd edir. 44 günlük Vətən müharibəsi zamanı qəhrəman ordumuz Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir ZƏFƏR qazandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və milli qürurumuzu yenidən dirçəltdi.

Vətən müharibəsində hər bir zəfər yeni bir ümid işığı oldu. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı kimi rayonlarımız bir-bir düşməndən təmizləndi. Qəhrəman əsgərlərimizin Suqovuşanı azad etməsi ilə Azərbaycanın ərazilərində yenidən su resurslarına nəzarət bərpa olundu, Suqovuşanın strateji əhəmiyyəti isə regionun enerji və su təminatında mühüm rol oynadı. Şuşanın azad edilməsi müharibənin ən böyük və simvolik qələbəsi olaraq tarixə həkk olundu. Şuşanın azad edilməsi Azərbaycan xalqının döyünən qəlbinə yenidən həyat verdi və Qarabağın əzəli mədəni paytaxtı öz sahiblərinə qovuşdu.

44 günlük müharibədən sonra 2023-cü ilin sentyabrında həyata keçirilmiş 24 saatlıq lokal antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Ağdərə və Ağdamda da tam nəzarət bərpa olundu. Bu əməliyyat Azərbaycanın suverenliyinin təsdiqi və ərazi bütövlüyünün tam təmin edilməsi baxımından əhəmiyyətli bir addım oldu.

Bu möhtəşəm Zəfəri Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin liderliyi, strateji iradəsi və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini qətiyyətlə müdafiə etməsi sayəsində qazandı.

ZƏFƏR Günündə biz şəhidlərimizi dərin ehtiramla yad edirik. Şəhidlərimizin, qazilərimizin sayəsində Azərbaycan xalqının qüruru, azadlığı və ərazi bütövlüyü bərpa edildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə möhkəm cansağlığı versin.

Bu gün Azərbaycan Bayrağı Qarabağın və Şərqi Zəngəzurun hər bir zirvəsində, Suqovuşanında və Şuşasında əbədi olaraq dalğalanır və dalğalanacaq!

Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

Tural Qoca

Seçilən
63
ikisahil.az

1Mənbələr