AZ

Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb - RƏY

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. Şuşanın işğaldan azad edildiyi gün həm də II Qarabağ müharibəsində həlledici manevr oldu. Böyük tarixi əhəmiyyət kəsb edən bu gün 44 günlük mübarizənin pik nöqtəsi idi.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Millət vəkili qeyd edib ki, 44 günlük hərbi əməliyyatlarımızdakı zəfərimiz Ali Baş Komandanın “Dəmir Yumruq” siyasəti və rəşadətli Azərbaycan ordusunun mübarizə ruhu, qələbə əzmi ilə yaşayan Azərbaycan vətəndaşının vəhdətinin nəticəsi idi. Bu qələbə 29 il təcavüzə məruz qalmış torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı həm də regionun inkişafı üçün yeni imkanlar yaratdı. Ali Baş Komandan İlham Əliyevin hərbi strategiyası ilə “Zəfər” adlı zirvəni fəth etdik.

“Bu müddət ərzində dezinformasiya, müharibənin gedişində məxfiliyin qorunması, ölkədə ictimai-siyasi sabitlik və təhlükəsiz mühitin formalaşmasında xüsusi xidmət orqanlarımızın, digər hüquq-mühafizə orqanlarımızın rolu böyük olub. Əməliyyat şəraitinə tam nəzarət etmək, ən müasir texnika və texnologiyalardan istifadə etmək, düşmənə ciddi zərbə endirmək bu missiyanı ən yüksək səviyyədə hüquq-mühafizə orqanları həyata keçirdi”.

A.Nağıyev qeyd edib ki, 8 Noyabr-Zəfər Günü Azərbaycanda təntənəli qeyd olunur. Çünki artıq tam şəkildə suverenliyimizi bərpa etmişik, Azərbaycanın bütün ərazilərində bayraqlarımız dalğalanır. Bu, böyük bir şərəfdir, düşmənə bir mesajdır. Torpağımız üçün canımızdan, qanımızdan keçməyə hazırıq. Azərbaycan xalqı yüz illər boyu atıla bilməyən addımları atdı və öz müstəqilliyini, suverenliyini bərpa etdi. Xankəndidə heç bir sutka belə çəkmədən lokal antiterror tədbirlərimiz nəticəsində, bayrağımız Xankəndidə vaxtilə separatçıların özünə paytaxt seçdiyi ərazilərimizdə dalğalanır. Bu bayramı qeyd etmək, layiq olan xalq kimi özünü dünyaya göstərdi.

Millət vəkili Prezident Ali Baş Komandan İlham Əliyevin parlamentdə son çıxışında prioritet istiqamətlərə toxunduğunu açıqlayıb. A.Nağıyev ilk növbədə, prezidentin “proqram” xarakterli çıxışının əsasını ölkədə və dünyada baş verən proseslər, qlobal məsələlərdə Azərbaycanın rolu və bu istiqamətdə görülən və gələcəkdə görüləcək işlər təşkil etdiyini qeyd edib.

"Suverenlik, ərazi bütövlüyü hər bir Azərbaycan vətəndaşının rifahı prioritet məsələlərdir. Suverenliyimizin, ərazi bütövlüyümüzün möhkəmlənməsində də təbii ki, hərbi güc artırılmalıdır. Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır, o cümlədən Qərb Cənubi Qafqazda gərginlik yaratmaq, qonşu dövlətlər arasında nifaq salmaq üçün Ermənistan hakimiyyətindən vasitə kimi istifadə edir. Buna görə də, güclü olmaq, hərbi-sənaye kompleksini inkişaf etdirmək lazımdır. Bunun üçün də yeni silahlar alınmalı, o cümlədən ölkədə ən müasir silahlar istehsal edilməlidir. Bundan istifadə edə bilmək üçün kadr potensialı olmalıdır. Hərbi-sənayenin güclənməsi həm də yeni iş yerlərinin açılması deməkdir. Bu gün artıq delimitasiya və demarkasiya işləri gedir. Qarşıda çox mühüm işlər var. Hərbi xidmət keçmək üçün komandolar, hərbi birləşmələrin yaradılması zəruridir.

Düşünürəm ki, bu istiqamətdə daha ciddi addımlar atılacaq. Çünki bu gün bizim ən mühüm məsələmiz əldə etdiyimiz suverenliyimizi qorumaq, ərazi bütövlüyümüzü müdafiə etmək qabiliyyətinə malik olmaq və gələcəkdə də daha mühüm addımlar atmaq və minalardan təmizlənmə prosesini həyata keçirərək dinc quruculuq fəaliyyətini başa çatdırmaq, qaçqın və köçkün soydaşlarımızı öz dədə-baba yurdlarına qaytarmaq üçündür”, - deyə deputat vurğulayəb.

A.Nağıyev Azərbaycan xalqının belə bayramlara haqqı olduğunu bir daha qeyd etməklə, onlara yeni-yeni qələbələr arzuladığını bildirib.

Aminə Nəzərova

Seçilən
41
1
operativmm.az

2Mənbələr