Türkiyənin "TRT Belgesel" kanalının yaxın tarixə qapı açan və azadlıq mübarizələrini futbol pəncərəsindən anladan "Qol Vuran Cəbhə" sənədli serialında "Qarabağ"la bağlı bölümlər hazırlanıb.
“İki sahil” xəbər verir ki, iki seriyalı sənədli filmdə Azərbaycan xalqının illər boyu davam edən haqlı mübarizəsində "Qarabağ" futbol komandasının rolu, komandanın dünəndən bu günə uzanan təsirli hekayəsi və tarixi həqiqətlər əks olunur.
"Azadlığa gedən bu yolda və işğal müddətində davam edən müqavimətdə "Qarabağ" futbol komandası da mühüm bir simvol oldu. Stadionu bombalanan, futbolçuları şəhid olan, kapitanı cəbhədə qəhrəman bir komandirə çevrilən komanda meydandakı mübarizəsindən heç vaxt geri çəkilmədi. Bu güclü mübarizə çox mənalı hekayələr və uğurlarla bu günlərə qədər daşındı", - deyə filmdə bildirilib.
Prodüserliyini Volkan Kara, rejissorluğunu isə Adem Doğan edən "İsyap Sanat Yapım Prodüksiyon"un istehsalı olan filmin ilk bölümü zəfərin ildönümü münasibətilə bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da) yayımlanacaq.