AZ

“8 Noyabr- Zəfər günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir”

“8 Noyabr Azərbaycanda Zəfər bayramı təntənəli qeyd olunur. Çünki  tam şəkildə suverenliyimizi bərpa etmişik. Azərbaycanın bütün ərazisində bayraqlarımız dalğalanır. Bu, böyük bir şərəfdir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
 
Millət vəkili qeyd edir ki, 8 Noyabr- Zəfər günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir:
 
“Şuşanın işğaldan azad edildiyi gün, həm də İkinci Qarabağ müharibəsində həlledici manevr oldu. Böyük tarixi əhəmiyyət kəsb edən bu gün 40  dörd günlük mübarizənin pik nöqtəsi idi. 44  günlük hərbi əməliyyatlarımızdakı zəfərimiz Ali Baş Komandanın "Dəmir yumruq" siyasəti və rəşadətli Azərbaycan ordusu, mübarizə ruhu, qələbə əzmi ilə yaşayan Azərbaycan vətəndaşının vəhdətinin nəticəsi idi. Qanlarıyla tarix yazan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu qələbə 29 il təcavüzə məruz qalmış torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də regionun inkişafı üçün yeni imkanlar yaratdı. Ali Baş Komandan İlham Əliyevin hərbi strategiyası ilə  “Zəfər” adlı zirvəni fəth etdik. Bu müddət ərzində dezinformasiya, müharibənin gedişatında məxfiliyin qorunması, ölkədə ictimai siyasi sabitlik və təhlükəsizliyinin formalaşmasında xüsusi xidmət orqanlarımızın, digər hüquq mühafizə orqanlarımızın hamısının rolu böyük olub. Əməliyyat şəraitinə tam nəzarət etmək, ən müasir texnika və texnologiyalardan istifadə etməklə düşmənə ciddi zərbə endirmək bu missiyanı ən yüksək səviyyədə bizim hüquq mühafizə orqanları da həyata keçirdi. Torpağımız üçün canımızdan, qanımızdan keçməyə hazırıq. Dost bizimlə bərabər sevinir. Azərbaycan xalqı 100 illər boyu edə bilməyən, atıla bilməyən addımları atdı və öz müstəqilliyini, suverenliyini bərpa etdi. Xankəndində heç bir sutka çəkməyən lokal antiterror tədbirlərimiz nəticəsində bayrağımız Xankəndində, vaxtilə separatçıların özünə paytaxt seçdiyi ərazilərimizdə dalğalanır”.
 
Millət vəkili vurğulayır ki, bu il bayramımızın dördüncü ilini qeyd edirik:
 
“Eşq olsun Ali Baş Komandana Azərbaycan xalqına bu günləri yaşatdı. Eşq olsun qüdrətli Azərbaycan hərbçilərinə ki, bu gün Azərbaycan xalqı özünün təhlükəsini qoruyacaq hər bir təhdidin qarşısını ala biləcək qüvvəyə malikdir. Qarabağ müharibəsi veteranı kimi sevinirəm ki, nəvələrimizin, gələcək nəsillərimizin üzümüzə dik baxırıq. Bu bayramı alnıaçıq qeyd edirik. Prezident, Ali Baş Komandan İlham Əliyev parlamentdə son çıxışında da prioritet istiqamətləri açıqladı. Prezidentin proqram xarakterli çıxışının əsasını ölkədə və dünyada baş verən proseslər, qlobal  məsələlərdə Azərbaycanın rolu və bu istiqamətdə görülən, həmçinin gələcəkdə görüləcək işlər təşkil etdi. Suverenlik, ərazi bütövlüyü hər bir Azərbaycan vətəndaşının rifahı prioritet məsələdir. Suverenliyimizin, ərazi bütövlüyümüzün möhkəmlənməsində də, hərbi güc artırılmalıdır. Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır. O cümlədən Qərb Cənubi Qafqazda gərginlik yaratmaq, qonşu dövlətlər arasında ifa salmaq üçün Ermənistan hakimiyyətindən vasitə kimi istifadə edir. Buna görə də güclü olmaq, hərbi sənaye kompleksini inkişaf etdirmək lazımdır. Bunun üçün də yeni silahlar alınmalı, o cümlədən ölkədə ən müasir silahlar istehsal edilməlidir. Bundan istifadə edə bilmək üçün kadr potensialı olmalıdır. Hərbi sənayenin güclənməsi,həm də yerlərin açılması deməkdir. Sərhədlərin qorunması mühüm məsələlərdəndir. Bu gün artıq delimitasiya, demarkasiya prosesi gedir. Qarşıda çox mühüm işlər var. Hərbi xidmət keçmək üçün komandalar, hərbi birləşmələrin yaradılması zəruridir. Bu gün bu istiqamətdə daha çox addımlar atılacaq.  Bu gün ən mühüm məsələmiz əldə etdiyimiz suverenliyimizi qorumaq, ərazi bütövlüyümüzü müdafiə etmək qabiliyyətinə malik olmaq və gələcəkdə daha mühüm addımlar atmaq üçün və minalardan təmizlənmə prosesini həyata keçirərək dinc quruculuq fəaliyyətini başa çatdırmaq , qaçqın və köçkün soydaşlarımızı öz ata baba yurdlarına qaytarmaqdır. Bir daha mən də bayramınızı təbrik edirəm. Azərbaycan xalqının belə bayramlara haqqı olduğunu bir daha qeyd etməklə onlara yeni yeni qələbələr arzulayıram”.
 
Mehin Mehmanqızı
 
Seçilən
24
1
moderator.az

2Mənbələr