AZ

Almaniyada "svetoforlar" söndü, erkən seçki tarixi açıqlandı

Büdcə kəsiri ilə başlayan hökumət böhranı Almaniyanı xaosa sürükləyib, koalisiya parçalanma həddinə çatıb. Olaf Şolz erkən seçki tarixini açıqlamalı olub.
Sherg.az xəbər verir ki, Almaniyada hökumət və əsas müxalifət partiyaları fevralın 23-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı razılığa gəliblər. Almaniya mətbuatında yer alan xəbərlərə görə, ölkənin ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının (CDU) lideri, kansler Olaf Şolz və Friderix Merz dekabrın 16-da etimad səsverməsinin keçirilməsi, sonra isə gələn ilin fevralında seçkilərin keçirilməsi barədə razılığa gəliblər. .

Şolz əvvəllər etimad səsverməsinin yanvarın 15-də, ardınca isə martda seçkilərin keçirilməsini təklif etmişdi. Merz bu təklifi rədd edərək, Şolz hökumətinin artıq ölkəni effektiv idarə etmək üçün parlament çoxluğu əldə edə bilməyəcəyini iddia etdi.

Almaniyada federal seçkilərin adi təqvimə uyğun olaraq gələn ilin sonunda keçirilməsi planlaşdırılırdı.
Şolzun lideri olduğu  Sosial Demokrat Partiyasının (SPD), ekoloq Yaşıllar və liberal FDP-nin  2021-ci ildə yaratdığı koalisiya "svetofor" adı ilə tanınırdı.

Almaniya kansleri Olaf Şolz büdcə ilə bağlı aylarla davam edən açıq müzakirələrdən sonra maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib. Lindner haqqında "O, mənim etibarıma xəyanət etdi" deyən Şolza  erkən seçki çağırışları yağmağa başladı. Eyni zamanda, Almaniya iqtisadiyyatı xaosa sürükləndi.

Avropanın ən böyük sənaye ölkəsində son iki il dalbadal heç bir iqtisadi artım qeydə alınmayıb. Avtomobil nəhəngi "Volkswagen"-in ölkədəki sərmayələrini azaltması və Almaniyanın şərqindəki "Intel"-in çox subsidiyaya məruz qalan fabriki kimi yüksək profilli investisiya layihələrinin problemə düşməsi ilə kapital axını ölkədə əsas gündəm məsələsinə çevrilib.

Bundan əlavə, Bundesbankın məlumatlarına görə, aralarında kimya nəhəngi "BASF SE", avtomobil tədarükçüsü "ZF Friedrichshafen AG" və məişət texnikası istehsalçısı "Miele & Cie" də olduğu şirkətlər kapitallarını ölkədən kənara köçürərək, 2010-cu ildən bu yana 650 milyard avrodan (700 milyard dollar) çox xalis sərvəti  ölkədən çıxardı. Bu sərvət ixracının təxminən 40 faizi “svetoforlar koalisiyası” dövründə baş verib.

Almaniyanın ictimai yayım təşkilatı ARD-ın keçirdiyi sorğuda iştirakçıların 54 faizi növbədənkənar seçkilərin keçirilməsini istədiyi halda, 41 faizi seçkilərin planlaşdırıldığı kimi 28 sentyabr 2025-ci ildə keçirilməsinin lehinə fikirlərini bildirib.

Sorğuda seçicilərin hazırkı hakimiyyətdən razılığı da soruşulub. Hökumətin işindən “razı” və ya “çox razı” olduğunu bildirənlərin nisbəti indiyədək ən aşağı səviyyəyə – 14 faizə düşüb. Hökumətdən məmnunluq səviyyəsi oktyabrın əvvəlindəki sorğularla müqayisədə beş faiz azalıb. Hökumətdən “razı deyil” və ya “çox narazı” olduğunu bildirənlərin nisbəti ayın əvvəlindən 6 faiz artaraq 85 faizə çatıb. Bildirilib ki, təkcə müxalifət partiyaları deyil, iqtidar partiyalarının seçicilərinin əksəriyyəti də hakimiyyətdən narazıdır.
Seçilən
28
sherg.az

1Mənbələr