AZ

Dünya su çatışmazlığı ilə üz-üzə qala bilər- Ekoloq


"Bu gün biz mövcud su resurslarımızdan nə dərəcədə rasional istifadə edirik? Üzərində düşünməli olduğumuz əsas məsələ budur. Yaxın illərə qədər suvarma sistemlərimiz ibtidai qaydada çəkilib. Kanallar vasitəsilə həyata keçirilən suvarma metodları su itkisinə səbəb olurdu. Müasir dünya bu üsuldan imtina edib, müasir suvarma sistemləri quraşdırılır. Artıq biz su çatışmazlığı ilə qarşılaşırıq. Bəzi regionlarda bu problem özünü büruzə verir. Lakin biz tamamilə sudan məhrum olan ölkə sırasında da deyilik. Böyük və Kiçik Qafqazın zəngin su ehtiyatları var. Qalır onlardan rasional istifadə etmək".

"Medicina" xəbər verir ki,bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda keçirilən COP29 iqlim konfransının iştirakçısı, Yaşıl Zonada məruzə ilə çıxış edən ekoloq Sahib Məmmədov deyib.



"Bu, ilk növbədə çay sularından səmərəli istifadəni nəzərdə tutur. Daha sonra yeraltı sulardan, gələcəkdə isə Xəzər dənizinin suyunun şirinləşdirilməsi prosesidir. Lakin sonuncu çox baha başa gəlir. Əhaliyə suyun keyfiyyətli və ucuz təqdim edilməsi prioritet olmalıdır. Misal üçün, Oğuzdan su çəkib onu ağac sulamaq üçün istifadə etməməliyik. Sənaye və suvarma üçün başqa mənbələr tapılmalıdır. Bu isə yeraltı su mənbələri ola bilər".

Ekspert ölkəmizdə keçirilən BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da toxunub.

"Bilirsiniz ki, COP29 konfransının məqsədi bütün dünyanın diqqətini bəşəriyyətimizə qarşı yönələn təhlükəni diqqətə çatdırmaq və bunun qarşısını almaq üçün tədbirlər görməkdir. Üstəlik Bakı konfransında əsasən maliyyə məsələləri həll edilməlidir. Belə ki, atmosferi, ətraf mühiti daha çox çirkləndirən dövlətlər, bərpa prosesinə daha çox vəsait ayırmalıdır. Ondan zərər çəkən dövlətlər isə bundan fayda götürməlidirlər. Halbuki, qüdrətli dövlətlər ətraf mühitin çirkləndirilməsində əsas rolu oynasalar da, onun kompensasiyasını ödəmirlər, nəticədə ziyanı zəif ölkələr çəkir", - deyə ekspert vurğulayıb.


Seçilən
45
2
medicina.az

3Mənbələr