AZ

Dünyanın ən böyük İKT infrastrukturu tələb edən konfransına hazırlıq necə görüldü? - VİDEO

"COP-29 İT departamenti nəhəng infrastruktur kimi COP-29 tədbirini informasiya texnologiyaları, audiovizual avadanlıqlar və həllər, xüsusi işıqlandırma və videomüşahidə sistemləri ilə təmin edir".   Manset.az xəbər verir ki, bu barədə COP-29 İT departamentinin direktoru Cavid Hüseynov detallı məlumat verib. COP-29 əməliyyat şirkətinin rəsmisi təmsil etdiyi komandaya yüksək keyfiyyətli xidmətin təminatı üçün Azərbaycanda və xaricdə keçirilən böyük tədbirlərin təşkilində təcrübəsi olan azərbaycanlı mütəxəssislərin cəlb edildiyini bildirib: "Komandada texnologiya istiqamətində "Cisco", "Microsoft", "Xerox", "Barco", "Huawei", "Avigilon" və "HP" kimi aparıcı dünya şirkətləri yaxından iştirak edir. BMT-nin tələblərinə uyğun olaraq data mərkəzləri qurulub və fərqli istiqamətlərdən dayanıqlı və yüksəksürətli internet təmin edilib. Stadion sahəsi və yeni qurulmuş infrastruktur nəzərə alınaraq tədbir məkanında ümumilikdə 130 min m² ərazini əhatə edən simsiz və 6200-dən çox nöqtəni birləşdirən simli şəbəkə qurulub. Bu infrastrukturu ərsəyə gətirmək üçün isə 1100 km-dən çox kabel və optik xətlər çəkilib.  Tədbir zamanı audiovizual həllər çərçivəsində ümumi sahəsi 700 m²-dən geniş videodivar qurulub. İştirakçı sayını nəzərə alaraq 3000-ə yaxın stolüstü mikrofon və 1000-ə yaxın monitor quraşdırılıb. Dünyanın müxtəlif nöqtələrindən gələn qonaqların rahat iştirakı üçün 8 dildə sinxron tərcümə sistemi təmin edilib". Cavid Hüseynov, həmçinin peşəkar media tələblərinə uyğun olaraq professional işıqlandırma sisteminin quraşdırıldığını da sözlərinə əlavə edib. Onun bildirdiyinə görə, tədbir məkanında tələblərə uyğun olaraq süni intellekt əsaslı müasir kamera və müşahidə sistemi də qurulub: "Tədbirdən 8 həftə öncə BMT tələblərinə uyğun olaraq İT infrastrukturunun və xidmətlərin sınaqları keçirilib və təsdiqlənib. Eyni zamanda informasiya texnologiyaları üzrə təqdim edilən xidmətlərin keyfiyyətinin 24/7 rejimində monitorinq edilməsi üçün Kibertəhlükəsizlik və Şəbəkə Əməliyyat Mərkəzi qurulub. Əminliklə deyə bilərəm ki, yaratdığımız İT infrastrukturu analoji dünyamiqyaslı tədbirlərdən müsbət mənada fərqlənir". Sonda isə Cavid Hüseynov fikrini belə yekunlaşdırıb: "Qısa zamanda peşəkar komanda ilə belə nəhəng infrastruktur quraraq COP-29 ailəsinin parçası olmaqdan qürur duyuruq!".

Seçilən
19
8
manset.az

9Mənbələr