AZ

Bakının qonaqlara sənət töhfələri

Noyabrın 22-dək ölkəmizdə keçirilən qlobal əhəmiyyətli tədbir – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə maraqlı bədii proqramlar – konsertlər, sərgilər və təqdimatlar keçirilir. 

Aylardan bəri gözlədiyimiz, Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbir sayılan COP-un 29-cu iclası artıq sürət toplayır. İqlim dəyişmələri ilə bağlı fikirlərini öyrənib topladığımız söz-sənət adamlarının maraqlı yanaşmalarının şahidi olduq.

Yazıçı-publisist Aqşin Yenisey:

– Ekologiya dünya evidir. COP-da söhbətin evimizin təmizliyindən getdiyini anlamamaq üçün adamda əqli qüsur olmalıdır. İnsan yaşamaq uğrunda mübarizədə digər canlılardan fərqli olaraq, təbiətin şərtlərinə uyğunlaşmaq əvəzinə, onu öz şərtlərinə uyğunlaşdırmağa çalışır. Bu, təbiətə aqressiv müdaxilədir. İnsanlıq təbii gözəlliklərdən ayrılıb, gözəlləşdirilmiş zibilliklərdə eşələnir. Ovunu daşdan və ağacdan düzəltdiyi silahla ovlamağa başlayandan bəri insan təbiətə müdaxilə edir.

Elm adamları 2050-ci ildə 75 faiz insanın su qıtlığı ilə üzləşəcəyini proqnozlaşdırırlar. Türk bioloq Əli Dəmirsoy “2035. Sonun başlanğıcı” kitabında yazır ki, hər il dünya əhalisi 76 milyon nəfər artır. Su isə dünya yaranandan nə qədər idisə o qədərdir. Sözsüz ki, özünün deyil, bəşərin taleyini düşünən insanlar həmişə olub, bu gün də var. 1960-cı illərdən başlayaraq bu cür adamların yaratdığı “ekoloji sənət” deyə yeni bir janr da yaranıb. Ekotənqid deyə sosioloji bir sahə formalaşıb. 

2000-ci illərdən başlayaraq təbiət və ətraf mühitlə bağlı “ekofantastika”, “təbiət mərkəzli ədəbiyyat”, “ətraf mühit mərkəzli ədəbiyyat”, “ekoloji fantastika”, “yaşıl fantastika” yönlü ədəbi əsərlər yazılıb. Azərbaycan ədəbiyyatında da təbiət mövzusu, oxucuların, xüsusilə də gənclərin ekoloji dünyagörüşünün  formalaşması, onların təbiətə məhəbbət ruhunda tərbiyə olunması ilə bağlı geniş nümunələr var. Bunları COP-29 günlərində müxtəlif internet ünvanlarından tapıb oxumaq olar.    

Tanınmış fotojurnalist Reza ­Deqati:

– İlk növbədə deyim ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi bu ölkənin dünyaya daha da tanıdılması üçün çox böyük töhfədir. Konfrans iştirakçıları COP29-da Azərbaycanın gördüyü işlər, gələcək planları barədə məlumatlandırılır. Çox şadam ki, mən də bu tədbirin iştirakçısıyam. Yaşıl Zona mənim diqqətimi daha çox cəlb etdi. Mən memar gözü ilə baxaraq deyə bilərəm ki, bu zona Azərbaycana uyğun hazırlanıb. Artıq neçənci COP tədbirində iştirak edirəm. Bundan əvvəlki COP tədbirləri ilə müqayisədə düşünürəm ki, COP29 həlledici olacaq.

Şair-tərcüməçi, esseist Qismət:  

– Eko-kritisizm (ekoloji tənqid) terminini ilk dəfə Vilyam Rukert işlədib. O,  “Ədəbiyyat və ekologiya” adlı məşhur məqaləsində 70-ci illərdə mövcud olan eksperimental tənqid formalarını sadaladıqdan sonra yazır ki, yeni tənqid multifunksional, əhatəli olmalıdır. Alimin fikrincə, eko-sistemin qorunmasında təkcə ekoloqlar yox, oxucular, yazıçılar, tənqid­çilər də məsuliyyət daşıyır. Günəş necə eko-sistemdə yenilənən enerji mənbəyi kimi bütün canlılara həyat verirsə, ədəbi əsərlər də, məsələn, poeziya da “depolanmış enerji” kimi insanlara təsir edir.  

Bu yüzilliyin əvvəlində aparılan araşdırmalar sırasında Maykl Bennet və Devid Tiqin tərtib etdikləri “Şəhərlərin təbiəti: eko-tənqid və urbanistik ətraf mühit” toplusunun   adını çəkə bilərik. Hazırda insan istismarı ilə imperiyaların müstəmləkə siyasəti arasındakı əlaqə kontekstində təbiətə vurulan ziyan ətraflı araşdırılır. Ümidvaram ki, COP29 dünya və Azərbaycan ədəbiyyatında özünün obrazlı ifadəsi ilə bədii bilgiləri daha da zənginləşdirəcək.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli:

– COP29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil.  Bu həm də  insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılan addımdır. Məhz belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq.

Dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsi və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsi birbaşa insan faktoru, sağlamlığı ilə bağlıdır. Çox müsbət haldır ki, ölkəmiz bütün resursları ilə bu prosesə dəstək verir. COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün vacib istiqamətlər müəyyənləşdirəcək. Bu müstvidə həm də ölkəmizin zəngin təbii resursları, Qarabağda  əhəmiyyətli quruculuq işləri ilə bağlı dünyaya məlumatlar çatdırılacaq. Hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli ilə,  turizm potensialı, zəngin mədəniyyəti,  milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olacaq. Bir sözlə, COP29 toplantısı həm də Azərbaycanın dünyaya yeni baxışını ortaya qoyacaq. Bu, eyni zamanda 30 illik işğal dövründə ermənilərin Azərbaycanın ekologiyasına, meşə fonduna, saysız-hesabsız tarixi abidələrimizə vurduğu ziyanla bağlı real görüntüləri, təkzibolunmaz faktları əcnəbilərə təqdim etmək imkanıdır.

AYB Sumqayıt bölməsinin rəhbəri, şair Gülnarə Cəmaləddin:  

– Dünyada ekoloji fkirlərin inkişaf tarixi əhalinin ətraf mühitə münasibəti ilə bir başlanıb. Bu özünü, ilk növbədə, şifahi xalq və yazılı ədəbiyyat nümunələrində  göstərib. Ulu Nizami, Xaqani, Nəsimi və digər mütəfəkkirlərin əsərlərində ana təbiət hərtərəfli vəsf olunub. Unudulmaz Xalq şairimiz Məmməd Araz insanı təbiətin bir parçası sayırdı: 

 

Ürəkdə Ay doğur, Günəş də batır,

Göy qopur, ildırım çaxır ürəkdə.

Tufan da hayqırır, sükut da yatır,

Alov da, gürşad da yağır ürəkdə...

 

Bəli, təbiətin kitabı hər zaman müdriklər tərəfindən oxunub, oxunur və oxunacaq. İnsan  təbiətdən  dərs almaqda davam edir. Qoy belə mötəbər tədbirlər çox olsun və faydalı iş əmsalı daim yüksəlsin.

Hazırladı: 
Ə.DOSTƏLİ
XQ

 

Seçilən
42
xalqqazeti.az

1Mənbələr