AZ

Azərbaycan iqlim dəyişikliyi ilə qlobal mübarizəyə mühüm töhfə verir - Muxtar Babayev

Bakı, TurkicWorld

Azərbaycan iqlim dəyişikliyi ilə qlobal mübarizəyə mühüm töhfə verir.

TurkicWorld xəbər verir ki, bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29 çərçivəsində keçirilən "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbirdə deyib..

Qeyd edək ki, müraciəti Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev oxuyub.

"Məqsədimiz aydındır - qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması kimi kritik məqsədə nail olmaq üçün müsbət impuls yaratmaq. Bu məqsəd sadəcə bir rəqəm deyil, planetimiz və gələcək nəsillər üçün qurtuluşdur. Azərbaycan iqlim dəyişikliyi ilə qlobal mübarizəyə mühüm töhfə verir. Biz Avropa və Asiya arasında körpü rolunu oynayan iddialı təşəbbüslərə başlamışıq. Ən əhəmiyyətli layihələrimizdən biri Xəzər və Mərkəzi Asiya regionlarından Avropaya bərpa olunan enerjini birləşdirəcək Yaşıl Enerji Dəhlizidir. Özbəkistan, Qazaxıstan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq çərçivəsində hazırlanmış bu dəhliz enerji təhlükəsizliyinin və qitələrarası səviyyədə davamlılığın gücləndirilməsi istiqamətində mühüm addımdır", - o bildirib.

Qeyd edək ki, "Troyka" ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
14
2
turkic.world

2Mənbələr