AZ

"Bodibildinq bütün idman növləri üçün güc mənbəyidir" - Azərbaycanlı dünya çempionu

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycanın müxtəlif idman növləri üzrə təmsilçiləri ölkəmizi dünya arenalarında tanıtmağa, bayrağımızı ucaltmağa davam edirlər.

2024-cü ildə beynəlxalq arenada uğur qazanmış idmançılarımızdan biri də Elnur Allahyarlıdır. O, bu il Azərbaycan çempionu olduqdan sonra İspaniyanın Santa Susanna şəhərində keçirilən bodibildinq üzrə dünya kubokunda 1-ci yeri tutub. 

Bugünkü həmsöhbətimiz də məhz Elnur Allahyarlıdır. 

E.Allahyarlı əvvəlcə bildirib ki, 14 ildir, bodibildinqlə məşğul olur: "Mən 2010-cu ildə bu idman növü ilə məşğul olmağa başlamışam. Artıq 14 ildir ki, bodibildinqçiyəm. Əslində Bakı Dövlət Universitetinin hidromühəndislik ixtisasını bitirmişəm. Sadəcə olaraq uşaqlıq illərimdən bodibildinqə böyük marağım olub".

O, Arnold Şvartsneqqeri özünə kumir hesab etdiyin deyib: "Məndə bu idman növünə marağı oyadan şəxs Arnold Şvartsneqqer olub. O, mənim üçün örnək, kumirdir. Şvartsneqqer həm bodibildinqçi, həm də aktyor olub".

E.Allahyarlı vurğulayıb ki, daha əvvəl Azərbaycan çempionatlarında  2 və 3-cü yerləri də tutub: "Mən Azərbaycan çempionu olmazdan əvvəl 3-cü və 2-ci yeri də tutmuşdum. Nəhayət, şükürlər olsun ki, 1-cilik qazandım. Ardından dünya çempionu oldum. Sonra çempionlar arasında yarışa çıxdım. Sonda isə PRO atletlər arasında yarışda PRO kart qazandım".

O, bodibildinqi digər idman növlərindən fərqləndirən xüsusiyyətlərdən də söz açıb: "Yarışa hazırlaşmaq həm psixoloji, mənəvi, həm də maddi hazırlıq tələb edir. Çünki digər idman növlərindən fərqli olaraq, bodibildinqdə lazım gəlsə, aylarla, günlərlə karbohidratsız, proteinsiz və ya şəkərsiz qalmalısan. Bunu hər insan bacarmır. Həmin dövrdə atletlərdə aqressivlik çox olur. Bu, qida ilə və ya ağır məşqlərlə bağlıdır. Bodibildinq xüsusi psixoloji və fiziki dözümlülük tələb edir".

E.Allahyarlı müəllimi Tural Aslanovun ona hər zaman dəstək olduğunu deyib: "Mənim bir atlet kimi yetişməyimdə çox yaxın dostum Tural Aslanovun böyük rolu olub. Özü də dəfələrlə Respublika çempionu oub. Mütləq qalibdir. Ölkəmizi dəfələrlə Misirdə, Türkiyədə və başqa ölkələrdə təmsil edib. Ona öz salamımı çatdırıram. Tural Aslanov mənə çox dəstək olub. Mənim müəlimim də odur". 

Həmsöhbətimiz dünya kubokunda iştirakından və qələbəsindən də danışıb: "Tural Aslanovla yarış hazırlığına başlayanda konkret olaraq məqsədimiz var idi ki, ölkədə və ölkə xaricində öz sözümüzü deyək. Şükürlər olsun ki, bacardıq. Azərbaycan kubokunu qazanandan sonra Avropaya doğru yola düşdük. Yarış İspaniyada keçirilirdi və dünya kuboku adlanırdı. Burada dünyanın bir çox ölkələrindən olan atletlər iştirak edirdilər. Komanda olaraq Azərbaycanı 10 nəfər idmançı təmsil edirdi. Mən ən ağır çəkidə yarışdığıma görə, doğrudan da rəqiblərim çox çətin idi. Çünki hamısı məndən ən az 15-20 kq daha ağır idilər. Düzdür, səhnədə bunu elə də hiss etdirmədim. Şükürlər olsun ki, onlara qalib gəldim və birinci oldum".

E.Allahyarlı qeyd edib ki, bodibildinqçilər digər idman növləri ilə məşğul olan şəxslərdən daha intizamlı və diqqətli olmalıdır: "Bodibildinq bütün idman növləri üçün bir bazadır, güc mənbəyidir. Bodibildinqçi daha intizamlı, qətiyyətli olmalıdır. Çünki burada yediyin hər bir qidanı qramı, ölçüsü çox önəmlidir. Bu, digər idman növlərində belə deyil. Məşq edisən, qidalanmana diqqət etməlisən. Amma bodibildinqdə yeməyinin qramına, ölçüsünə yüksək səviyyədə diqqət etməsən. Çünki bu, sənin nəticələrinə birbaşa təsir edəcək. Hər insanın nəfsi, psixologiyası belə şeyə dözmür. Çünki bu, bir neçə günlük məsələ deyil. 6, 8 ay - müəyyən bir vaxt lazım olur. Ona görə də düşünürəm ki, bodibildinq digər idman növlərindən daha çətindir". 

O, sonda tez-tez gənclərə müxtəlif məsləhətlər verdiyini deyib: "Mən zallarda, getdiyim məkanlarda görürəm ki, gənclər asan yollara üz tuturlar. Hansısa vasitələrdən istifadə edərək tez uğur qazanmaq istəyirlər. Həmişə onlara səbrlə izah etməyə çalışıram ki, sürətləndirici vasitələr sizə yaxşı təsir etməyəcək. Qısa müddətdə nəticə qazanacaqsınız, daha sonra qat-qat çox yan təsirlər, mənfi nəticələr görəcəksiniz. Ona görə də gənclərə bildirirəm ki. yolunuz uzun olsun, amma keyfiyyətli olsun, sağlamlığınıza zərər vurmasın".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Seçilən
22
teleqraf.com

1Mənbələr