AZ

Qubad İbadoğlunun qızı Navalnının həyat yoldaşı ilə eyni mükafatı alacaq

Jalə Bayramova və Yuliya Navalnaya Maqnitski mükafatına layiq görülüblər

İqtisadçı Qubad İbadoğlunun qızı Jalə Bayramova Sergey Maqnitski adına İnsan Haqları Mükafatına layiq görülüb.

O, atasının adından vəkilliyinə görə "Görkəmli gənc hüquq müdafiəçisi” mükafatını noyabrın 14-də Londonda alacaq.

Laureatlar arasında rusiyalı mərhum müxalif siyasətçi Aleksey Navalnının arvadı Yuliya Navalnaya da var.

Navalnaya mükafatı "Alov altındakı cəsarət” kateqoriyasında alıb.

2007-ci ildə "Ermitage Capital” fondunun auditoru Sergey Maqnitski Rusiya büdcəsindən 5,4 milyard rubl oğurlamaq sxeminin üstünü açdığını, bu işdə ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirak etdiyini bildirib.

Bundan sonra o, "Hermitage Capital” fondu tərəfindən vergidən yayınma işi üzrə həbs edilib.

Sergey Maqnitski 2009-cu ildə "Matrosskaya tişina” istintaq təcridxanasında ölüb. Rəsmi versiyaya görə, ürək çatışmazlığından həyatını itirib.

Maqnitski mükafatı 2015-ci ildə "Hermitage Capital” fondunun rəhbəri Uilyam Brauder tərəfindən təsis edilib.

Mükafatın cəsarətli jurnalistlər, siyasətçilər və hüquq müdafiəçilərinə verildiyi bildirilir.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib.

O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları saxta adlandırıb.

2024-cü il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Qubad İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib.

Ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.


Seçilən
26
arqument.az

1Mənbələr