AZ

UNFCCC-in icraçı katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə hərtərəfli yanaşma olmadan hədəfə nail ola bilmərik

Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Qlobal iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli görüş: iqlimə dayanıqlı gələcək naminə fəaliyyətin sürətləndirilməsi üçün birgə liderlik” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil bildirib ki, Dubayda əldə olunan danışıqlardan irəli gələn konkret nəticələrə ehtiyac var: “İqlim dəyişmələrinə qarşı mübarizədə hərtərəfli yanaşma olmadan hədəfə nail ola bilmərik".

O deyib ki, bu il indiyə kimi qeydə alınan ən isti ildir. Bu iqlim dəyişikliyi böyük fəlakətlərə gətirib çıxaracaq. Ona görə də dünyanın qətiyyətli qərara ehtiyacı var.

COP28-in İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Razan Əl Mübarək qeyd edib ki, iqtisadiyyatda çox mühüm bir dövr yaşanır. Belə ki, iqtisadiyyatla əlaqəli yalnız mənfi xəbərlər görsək də, bu, əslində gerçəyi əks etdirmir. “Biz iqlim dəyişmələrinə adaptasiya yolunda konkret addımlar atmalıyıq. 2030-cu ildə 4 milyard insanı bu işə cəlb etməliyik. Bir çox proqramlar iqlim fəaliyyətinin olduqca populyar və gəlirli sahə olduğunu göstərir",- deyə o bildirib.

COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai isə deyib ki, birgə fəaliyyət göstərilərsə, bu, COP-da uğurlu nəticələrə gətirib çıxaracaq. O, qlobal iqlim fəaliyyətinin bütün dünyanın bu məsələyə cəlb olunmasını tələb etdiyini vurğulayıb: “Ona görə də dünyanın hər yerində buna olduqca önəm göstərilməlidir. Hər yerdə eyni dərəcədə vəsait yatırımı olmalıdır. Hədəf bu məsələyə özəl sektoru da cəlb etməkdir. Çünki özəl sektorun vəsaiti olmadan yaşıl enerjiyə keçid mümkün olmaz. Bizim gənclərə və elm adamlarına da ehtiyacımız var”.

Seçilən
21
1
ikisahil.az

2Mənbələr