AZ

İtki və Zərərlərə Cavab Fondu işlək duruma çatıb

Azərbaycanın evsahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı çərçivəsində “Öhdəliklərdən fəaliyyətə: İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətinin optimallaşdırılması” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları iqlim dəyişikliyinin nəticələri ilə bağlı ölkələrə maliyyə və texniki dəstək göstərilməsi, itki və zərərlərin qarşısının alınması üçün yeni strategiyaların tətbiqi məsələlərini gündəmə gətiriblər.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev çıxışında bildirib ki, itki və zərərlərin qarşısının alınması üçün müvafiq rəhbərlik il ərzində intensiv şəkildə işləyərək böyük irəliləyişlər əldə edib: “Şirkətin bu məsələyə göstərdiyi sadiqliyi və qərar qəbuletmə prosesini yüksək qiymətləndiririk. Bu gün yekun olaraq deyə bilərik ki, İtki və Zərərlərə Cavab Fondu artıq maliyyə vəsaitlərini paylamağa hazırdır”.

M.Babayev diqqətə çatdırıb ki, bu irəliləyişlər vədləri real dəstəyə çevirməyə imkan verir: “Bu, o deməkdir ki, maliyyə vəsaitləri 2025-ci ildə axın etməyə başlayacaq. Bu, həssas icmalar üçün vacibdir. Bu irəliləyiş fondun və dünya birliyinin qərarlı səylərinin nəticəsidir. Bunun real nəticələri də olacaq: evlər tikiləcək, insanlar yenidən yerləşdiriləcək, həyat və gələcək təhlükəsiz olacaq. Lakin missiyamız hələ tamamlanmayıb. İndi layihələri müəyyənləşdirməli və dəstək axınını davam etdirməliyik”.

Müzakirədə digər çıxış edənlər də iqlim dəyişikliyinin qarşısının alınması, itki və zərərlərə qarşı mübarizənin vacibliyini vurğulayıblar. Onlar, həmçinin maliyyə dəstəyinin ölkələr arasında daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bununla yanaşı, hər bir ölkənin öz milli strategiyasını tətbiq edərkən beynəlxalq təcrübə və dəstəkdən faydalanmasının əhəmiyyəti diqqətə çatdırıblar.

Sonda iştirakçılar iqlim dəyişikliyi ilə mübarizədə daha güclü və davamlı əməkdaşlıq üçün birgə addımlar atmağın vacibliyini qeyd edib, bu prosesdə Azərbaycanın liderliyini və müsbət yanaşmalarını alqışlayıblar. Bunun gələcəkdə daha effektiv və ədalətli həllərin tapılmasına və qlobal iqlim siyasətinin daha müasir olmasına töhfə verəcəyi əminliyini diqqətə çatdırıblar.

Seçilən
16
6
xalqqazeti.az

7Mənbələr