AZ

Yalçın Rəfiyev: İqlim böhranından xilasın yeganə yolu iqlim maliyyəsinin təminatıdır

"Qlobal iqlim maliyyəsinin 30 faizinin qlobal inkişaf banklarının vəsaiti hesabına maliyyələşdirilməsini təklif edirik".

APA xəbər verir ki, bunu Afrika İnkişaf Bankının Prezidenti Akinvumi Adesina "Tranzformativ İqlim Fəaliyyəti: Diqqəti Maliyyə Girişlərindən Təsirə və MDB-lərin Katalitik Təsirinə Çevirmək" adlı tədbirdə deyib.

O bildirib ki, bu sahədə görüləcək tədbirlərdə təkcə bank sektoru deyil, həm də iri korporasiyalar iştirak etməlidir:

"Maliyyələşmə həcmi ölkələrin iqtisadi gücü və ÜDM-lərin həcmilə paralel olmalıdır. Bu maliyyə vəsaiti qlobal mitiqasiya tədbirlərinə uyğunlaşdırılmazsa, o zaman iqtisadiyyatı iqlim dəyişikliyinin zərərli təsirlərindən müdafiə etmək mürəkkəbləşəcək. Biz hesab edirik ki, iqtisadi dayanıqlığı yalnız dayanıqlı iqlim maliyyəsi təmin edə bilər".

Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Odile Renaud-Basso isə deyib ki, son dövrlərdə atmosferə axıdılan karbon qazı emissiyalarının həcmi narahatlıq doğurur: "Biz başa düşürük ki, bu sahədə tərəqqiyə nail olmaq üçün yeni texnologiyalar, onların təminatı üçün isə iqlim maliyyəsi sahəsində razılaşma əldə olunmalıdır. Ötən il biz bu məqsədlə 20, adaptasiya tədbirləri üçün isə 13 milyon dollar həcmində maliyyə vəsaiti ayırmışdıq. Bu məbləğin bir qismi karbon qazı emissiyalarının zərərli təsirlərinin azaldılmasına istiqamətlənmişdi. Bir məqamı da qeyd etmək istəyirəm ki, iqlim maliyyəsinin təminatı və qlobal istiləşməyə qarşı mübarizə aparılması üçün təkcə iqtisadi tədbirlər kifayət etmir. Burada ilk növbədə dünya liderlərinin siyasi iradəsi mühüm rol oynayır. Yeni Kollektiv Kəmiyyət Hədəfinə nail olunması çox vacibdir. Bu amil iqlim dəyişikliyi sahəsində görüləcək tədbirlərin və məqsədlərin əsasını təşkil edir".

COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev isə vurğulayıb ki, iqlim böhranından xilasın yeganə yolu iqlim maliyyəsinin təminatı, eləcə də həlledici iqtisadi tədbirlərin icrasından keçir:

"COP29 qlobal iqlim fəaliyyətində həmrəyliyin nümayiş etdirilməsi üçün son dərəcə geniş imkandır. İqlim dəyişikliyi ilə mübarizə aparılması üçün ilk növbədə dayanıqlı maliyyə sistemi və buna paralel olaraq həlledici iqtisadi tədbirlərin icrası vacibdir. Yeni Kollektiv Kəmiyyət Hədəfinə nail olunması üzrə danışıqların ən vacib elementi şübhəsiz ki, tərəflər arasında konsensusun mövcud olmasıdır. Mən hesab edirəm ki, biz dünyanın iqlim problemindən xilas olması üçün tələb olunan maliyyə vəsaitini təmin etməliyik. Buna isə tərəflər arasında dialoq, eləcə də qarşılıqlı anlaşma şəraitində nail olmaq olar".

Asiya İnkişaf Bankının Prezidenti Masatsugu Asakava isə rəhbərlik etdiyi bankın vurğulayıb ki, rəhbərlik etdiyi bank iqlim maliyyəsi sahəsindəki tədbirləri dəstəkləməyə hazırdır:

"İqlim maliyyəsi və adaptasiya istiqamətində görülən tədbirlər bir necə aspekti əhatə edir. Biz təklif edirik ki, bunun üçün ilk növbədə maliyyələşmə sistemində dəyişiklik edilməli və və islahatlar aparılmalıdır. Çünki bizim qarşımızda maliyyələşmə məsələsi ilə yanaşı, ayrılacaq vəsaitin effektiv şəkildə və yalnız ehtiyac duyulan sahələr üzrə sərf edilməsi prioritet təşkil edir".

Tədbirdə o da vurğulanıb ki, kainatın iqlim dəyişmələrinin zərərli təsirlərindən qorunması üçün kənd təsərrüfatı və sənayenin müxtəlif sahələrində rəqəmsallaşmaya keçid sürətləndirilməli, ənənəvi istehsalat üsullarından imtina edilməlidir".

Seçilən
16
1
apa.az

2Mənbələr