AZ

Mahir bundesliqaya doğru: "Nürnberq"in planları işə yarayacaqmı?

Mahir Emrelinin "Nürnberq"i uğurlu seriya əldə edib.

Almaniyanın 2-ci bundesliqasında çıxış edən komanda beş turdu uduzmur. Dəqiq desək, komanda oktyabr və noyabrda keçirdiyi matçlardan üçündə qələbəyə sevinibsə, ikisində bir xal qazanıb.

Miroslav Klozenin rəhbərlik etdiyi klubun ciddi irəliləyişə nail olması bundesliqaya yüksəlmək uğrunda mübarizədə şanslarını artırıb.

İdman.biz Football-plus.az-a istinadən xəbər verir ki, "Nürnberq"in futbolçusu Yulian Yustvan bu barədə danışıb:

"Əvvəllər qol buraxanda qəzəblənirdik və nə edəcəyimizi bilmirdik. İndi isə ruhdan düşmürük, xarakter göstəririk. Oyunumuza arxayınıq. Əvvəldən sona qədər planımıza sadiq qalırıq. Sadəcə, belə davam etməliyik. Xal və ya xallar qazanmağın bizə nə dərəcədə faydalı olacağını mövsümün sonunda görəcəyik".

"Bild" nəşrinin yazarı Niko Celev də "Nürberq"in bundesliqaya yüksəlmək şansını dəyərləndirib:

"Miroslav Klozenin komandası ilk yeddi turda cəmi 7 xal qazandı. Bu, həm məşqçi, həm də futbolçuları üçün uğursuz statistika idi. Onlar oktyabrda daha böyük işlər gördülər və bunu noyabrda da davam etdirdilər. Klozenin baxışları daim yuxarıdadı. O, bundesliqaya kökləndiyini gizlətmir. İndiki durum kollektivin mövsümün sonunda ikinci pillədə qərarlaşacağını proqnozlaşdırmağa ümid verir".

"Nürnberq" 18 xalla 7-ci pillədədi. 2-ci bundesliqanı ilk "üçlük"də bitirəcək komandalar bundesliqaya vəsiqə qazanacaq.

Qeyd edək ki, kollektiv bunu bacarsa, Mahir Emreliylə müqavilənin müddəti uzadıla bilər.

İdman.biz

Seçilən
7
1
idman.biz

2Mənbələr