AZ

İranda 6 nəfər edam ediləcək

İranda 2022-ci ilin sentyabrında polis nəzarətində olarkən “məcburi örtünmə qaydalarına” əməl etmədiyi üçün saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərlə bağlı məhkəmədə daha 6 nəfər edam cəzasına məhkum edilib. 

"Cebheinfo.az" xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun  (SEPAH) “Bəsic” mülki milis qüvvələrinin üzvü Arman Əliverdinin qətli ilə bağlı iş üzrə təqsirləndirilən vəkillərdən biri Babək Pakniya "X" sosial media platformasında məsələ ilə bağlı paylaşım edib. 

Pakniya Tehran İnqilab Məhkəməsinin səs çoxluğu ilə müttəhimlərdən 6-na ölüm hökmü verdiyini və qərardan şikayət etmək yolunun açıq olduğunu bildirib. İran mətbuatında yayılan xəbərlərdə iddia üzrə məhkəməsi davam edən iki müttəhimlə bağlı hələlik qərarın verilmədiyi bildirilib. 

Xatırladaq ki, İranın paytaxtı Tehranda 2022-ci il sentyabrın 13-də “əxlaq polisi” kimi tanınan İrşat patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Əmininin ölümündən sonra 2022-ci il sentyabrın 17-də doğulduğu Saqqızda başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrilmişdi. 

Aylarla davam edən hadisələrdə 500-ə yaxın nümayişçi həlak olub, yüzə yaxın polis məmuru həyatını itirib. Tehranın Ekbatan rayonunda baş verən hadisələrdə “Bəsic” üzvü Arman Əliverdi nümayişçilər tərəfindən döyülməsi nəticəsində ölüb. Hadisədən sonra 50-yə yaxın şəxs saxlanılıb, onlardan 14-ü barəsində məhkəmə işi açılıb. Etirazlar zamanı minlərlə insan saxlanılıb, bəzi nümayişçilər ölüm cəzası ilə mühakimə olunub. Əvvəlki məhkəmə proseslərində azı 17 nəfər edam cəzasına məhkum edilib, onlardan 7-si edam edilib. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr