AZ

Bizi səhv istiqamətə yönəldən məsələlər -Professor Saleh Məmmədovun islam və qadınlar haqqında yazısına CAVAB

 

Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədov redaksiyamıza məqalə göndərib. Həmin məqalədə o, dünya üzrə 20 ən böyük kəşfi həyata keçirmiş qadınların siyahısını və onların kəşflərini təqdim edərək, bu siyahıda bir nəfər də olsun müsəlman qadının olmadığını vurğulayıb.

Musavat.com-da dərc olunan məqalədə qaldırılan məsələlərə, irəli sürülən iddialara politoloq Kənan Rövşənoğlu öz arqumentləri ilə cavab verib.

saleh_mmmdov.jpg

Həmin yazını da təqdim edirik:

Professor Saleh Məmmədov yazdığı məqaləsində dünya üzərində edilən 20 ən yaxşı kəşfin qadın müəllifi sırasında müsəlman qadınların olmamasından şikayətlənib. Müəllif iddia edir ki, “müsəlmanlar qadını faktiki olaraq sıradan siliblər”.

Və fikrini onunla əsaslandırır ki, müsəlmanlar qadını iş gücü olaraq görmədiklərindən, yəni qadınların işləməməsi səbəbindən böyük iş gücünü itirir və nəticədə “müsəlmanlar iqtisadi inkişafın bütün göstəriciləri üzrə (riyazi gözləmə - mean göstəricisi) İslam dünya din mənsubları üzrə (buddizm, yəhudilik, hinduizm, sintoizm, xristianlıq, islam) sonuncu yerdə durur”.

İslam

Daha sonra hörmətli professor əsas son 100 ildə Avropada elmi kəşflərə imza atmış 20 qadının adını sadalayır və qeyd edir ki, bu kəşflər elm, tibb və dünyamızı anlamağımızda dərin təsir göstərmişdir.

Mövzu həddən artıq çox işlənsə də, hər addımda İslam dini və müsəlmanlara qarşı ittihama çevrildiyi üçün yazıda gedən ittiham və iddiaları araşdırmaq qərarına gəldik. Əvvəla, yazı kiçik həcmdə olsa da, bir neçə mövzu eyni anda və qarışıq şəkildə işlənib.

Əlbəttə, professor haqlıdır ki, müsəlman ölkələri elmi-texniki tərəqqidə Avropadan və ya indi ümumi olaraq Qərb adlanan coğrafiyadan geri qalır. Amma bu gerilik təkcə müsəlmanlara xasdırmı? Və ya səbəb yalnız qadınlardır?

Planetin geri qalan müsəlman ölkəsi olmayan regionları bəyəm azdır? Məsələn, Afrikanın xristian ölkələri, Latın Amerikası, Asiyanın bir çox ölkələri də elmi-texniki tərəqqidən geri qalıb.

Yaxud da bu gün sürətli inkişafın, elmi tərəqqinin simvoluna çevrilmiş Çin çox deyil, 50 il əvvəl əkinə zərər vurur deyə sərçələri kütləvi şəkildə yox edən ölkə idi. Çin nə inancını dəyişib, nə də siyasi sistemini, sadəcə islahatlar və idarə edənlərin qərarları ölkəni dəyişib.

Bu gün müsəlman ölkələrinin geri qalmasının səbəblərini sıralasaq İslam dini amili burada ilk “beşliyə” belə düşmür. Müsəlman ölkələrinin geri qalmasının səbəbləri haqqında uzun-uzadı yazmaq olar. Bu günə qədər bu mövzuda onlarla araşdırma, tədqiqat işləri aparılıb və aparılır. Müsəlmanların Avropadan geri qalmasının səbəbi qeyri-effektiv, yarıtmaz idarəçilik, davam edən etnik, dini və ərazi münaqişələri, xarici hərbi-siyasi müdaxilələr və sairdir. Son illərdə bu problemləri qismən arxada qoyaraq müəyyən inkişaf yolu tutan müsəlman ölkələri nümunəsi sadaladığımız faktorları haqlı qılır.

Deyirlər

Nəhayət, S.Məmmədov və onun kimi düşünənlərin əsas vurğusu geriliyi İslam dini ilə əlaqələndirib, dolayısı ilə dinin hədəf göstərilməsinin heç bir elmi və məntiqi əsası yoxdur.

Çünki əvvəla yuxarıda da qeyd etdiyimiz kimi, gerilik yalnız müsəlman ölkələrinə xas deyil, inkişafdan geri qalan onlarla qeyri-müsəlman ölkələr var. İkincisi, islam dini ehkamları və şəriət qadının çalışmasına qarşı deyil, əksinə, bunu təşviq edir.

İslam dini mətnlərində qadınları iş gücündən ayırmaq, onları sosial-ictimai həyatdan qopmasını təşviq edən bir göstəriş belə yoxdur. İlk növbədə İslam dini insanlara cinsinə, irqinə və ya etnik mənsubiyyətinə görə fərqləndirmir.

Qurani-Kərim Hucurat surəsi, 13-cü ayədə buyurulur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”.

Nəhl surəsi 97-ci ayədə isə belə buyurulur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)”.

Ayədən göründüyü kimi, Allah nəzərində kişi və qadın fərqi qoymur, yalınız mömin olub yaxşı işlər görənlər mükafatlandırılacaq. Və bu mükafat və ya əməllər qadın və ya kişilər arasında ayrılmır. Hər kəs təməl yaradılış qayəsində bərabərdir.

Oxşar mövzu Nisa surəsi 124-cü ayədə də keçir: “Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və ya qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çəyirdəyi qədər haqsızlıq edilməz!”

Yenə də Quran qadın və kişi arasında fərq qoymur, hər ikisinin adını birgə çəkir. Bu cür misallar Quran-Kərimdə onlarla var. Bundan başqa, islamın ilk illərində, yəni 7-8-ci əsrlərdə indiki inkişafın simvolu sayılan ölkələrdə qadının miras haqqı olmadığı, əşya kimi qiymətləndirildiyi qaranlıq zamanlarda İslam dini və ilkin müsəlman icması qadını icmanın üzvü olaraq qəbul edib.

Məsələn, islamın ilkin illərində Səmra bint Nuheyk adlı qadın Peyğəmbər (s) tərəfindən Mədinə bazarına möhtəsib (bazar nəzarətçisi) təyin edilib. Bu qadın bazarda ticarət qaydalarına əməl olunmasına nəzarət edir, ticarətdə aldadanlara qarşı tədbirlər görürdü.

Bir başqa qadın, Şifa bint Abdullah Mədinə bazarında asayişin təşkilinə rəhbərlik edib.

Birinci döyüş olan Bədr müharibəsi istisna olmaqla Həzrət Məhəmmədin (s) sağlığında olan digər 6 müharibədə qadınlar iştirak edib. Qadınların savaşlarda iştirakı iki formada olub. Birincisi, qadınlar birbaşa döyüşdə iştirak etmir, yaralıları döyüş meydanından çıxarır, onlara ilkin tibbi yardım göstərir, yaralarını sarıyır, su verir və sair.

İkincisi, birbaşa döyüşlərə qatılaraq vuruşan qadınlar olub.

İslam tarixi mətnlərində qeyd olunur ki, Uhud savaşında hər iki tərəfdən, yəni Məkkə və Mədinə qüvvələri tərkibində qadınlar olub. Müsəlmanların ordusu içərisində Ummu Umarə adlı qadının döyüşlərə qatıldığı və vuruşlarda qəhrəmanlıq göstərdiyi və bu qəhrəmanlığı Peyğəmbəri (s) heyran qoyduğu bildirilir.

Bir başqa mənbədə Ummu Haram bint Milhan adlı qadının Həzrət Peyğəmbərdən (s) savaşa qatılmaq üçün icazə istədiyi qeyd olunur. Peyğəmbərin (s) barəsində dua etdiyi bu qadın uzun illər sonra Kiprdə Bizansa qarşı dəniz yürüşü hücumu zamanı şəhid olub.

Döyüşlərə birbaşa qatılıb vuruşan qadınlardan biri də Peyğəmbərin (s) bibisi Safiyə bint Əbdülmüttəlib olub. Hətta Safiyənin islam tarixinə ilk dəfə döyüşlərdə qeyri-müsəlman bir kişini öldürmüş qadın kimi düşüb.

İslam

Bundan başqa ilkin islam dövründə Ummu Süleym və Ummu Əymən adlı qadınların döyüşlərdə iştirak etdiyi, ikincinin yaralandığı haqda məlumatlar var.

Sonrakı dövrdə, yəni Peyğəmbərdən (s) sonra İslam aləmində elm və sənət sahəsində çox tanınan qadınlar olub.

Məsələn, 10-cu əsrdə Suriyada yaşamış Məryəm əl-İcliyyə astronom olub və Astrolabium cihazını inkişaf etdirmiş, bir çox elmi hesablamalar aparıb. Məryəm əl-İcliyyənin astronomiya elminə verdiyi töhfəyə görə, 1990-cı ildə Henri E.Holt tərəfindən kəşf edilən 7060 Al-Ijliyye adlı asteroidə Məryəmin adı verilib.

Yenə 10-cu əsrdə yaşamış Sutayta əl-Məhaməli riyaziyyatçı, hüquqçu və digər elmlərdə məşhur olub. Məhamalinin sadələşdirdiyi onluq sayma sistemi bu gün də istifadə olunur.

UNESCO tərəfindən dünyanın ilk universiteti qəbul edilən Mərakeşdəki Karaviyyin mədrəsəsini 859-cu ildə tunisli müsəlman qadın alim Fatimə əl-Fihri təsis edib.
Əlbəttə, bu siyahıya dəqiq elmlər sahəsində kəşflərə imza atmış müsəlman qadın alimin adını qeyd edə bilərəm.

İslam dini qadınlara iş və elm öyrənməkdə hər hansı qadağa qoymur. Ya da başqa bir deyimlə, qadağaların mənbəyi din deyil.

Birincisi, gerilik ümumidir, sadəcə qadınlarla bağlı deyil, ikincisi qadınlarla bağlı qadağa və məhdudiyyətlər dinin əmri deyil, din adından daha çox mühafizəkar ailə sistemi və dinə aid edilən əsassız qadağalardır. Əksinə, İslam dini qadınların sosial və ictimai işlərdə fəal olmasına mane olmur, Məhəmməd Peyğəmbərin (s) timsalında buna şərait yaradır.

Demək ki, qadınlarla bağlı qadağanın kökü dinə deyil, dinlə maskalanmış kökü islamdan da qədimə gedib çıxan mühafizəkar, irticaçı baxışa söykənir. Bu kimi taleyüklü mövzuları dinin üzərinə “yükləyərək” inancı hədəfə almaq nəinki mövcud olan problem və geriliyin aradan qaldırılmasına xidmət etmir, əksinə, əsassız, sonu görünməyən mübahisələrə səbəb olur, müsəlman cəmiyyətini gerçək hədəfindən yayındırır.

 Aypara.tv

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Seçilən
8
12
musavat.com

10Mənbələr