AZ

Klaudio Ranyeri yenidən “Roma”da - Rəsmi

Ötən mövsümün sonunda təqaüdə çıxdığını açıqlamış italyan mütəxəssis Klaudio Ranyeri məşqçilik fəaliyyətini bərpa edib.

Arena.az xəbər verir ki, 73 yaşlı mütəxəssis keçmiş klubu “Roma”dan aldığı təklifi müsbət cavablayıb.

O, noyabrın 10-da xorvat mütəxəssis İvan Yuriçi istefaya göndərmiş “Roma”nı çalışdırmağa razılıq verib. Ranyeri köhnə-yeni komandası ilə cari mövsümün sonuna qədər anlaşıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə o da qeyd olunur ki, “Roma” qarşıdakı aylar ərzində növbəti mövsüm üçün yeni baş məşqçi axtarışlarını davam etdirəcək.

Xatırladaq ki, Ranyeri 2009-2011-ci illərdə və 2019-cu ilin mart-iyun ayları aralığında “canavarlar”ın baş məşqçisi vəzifəsində çalışıb. Klaudio hətta futbolçu karyerası dönəmində də “canavarlar”ın formasını geyinib.

Klaudio Ranyerinin sonuncu iş yeri “Kalyari” olub. O, sözügedən komandadan bu ilin yayında ayrılmış və peşəkar məşqçilik karyerasını bitirdiyini açıqlamışdı. Amma ona doğma olan “Roma”dan aldığı təklif Ranyerinin bu qərarını dəyişməsinə səbəb olub.

Xatırladaq ki, Ranyeri 2022-ci ilin dekabr ayından “Kalyari”yə rəhbərlik edirdi. O, daha əvvəl də “Kalyari”yə rəhbərlik edib. Təcrübəli mütəxəssis 1988-1991-ci illər aralığında bu komandanın uğurları üçün çalışıb.

Klaudio Ranyeri karyerası ərzində müxtəlif komandaları çalışdırıb. O, İtaliyada “Puteolana”, “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter” və “Sampdoriya”ya rəhbərlik edib. İspaniyada “Valensiya” və “Atletiko”nu çalışdırmış mütəxəssis, Fransada “Monako” və “Nant”ın, İngiltərədə “Çelsi”, “Lester Siti”, “Fulhem” və “Uotford”un uğurları üçün çalışıb.

1995/1996 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə “bənövşəlilər”lə birlikdə mütəxəssis İtaliya Super Kubokunu qazanıb. Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Super Kubokunu (2004) qazanıb.

Xatırladaq ki, 2015/2016 mövsümündə Klaudio Ranyerinin çalışdırdığı “Lester Siti” gözlənilmədən İngiltərə nəhənglərini üstələyərək, Premyer Liqanın qalibi olub. 81 xal toplamış “tülkü”lər ən yaxın izləyicisi “Arsenal”ı 10 xal geridə qoymuşdu. Ranyerinin yetirmələri 23 oyunda qələbə qazanmış, 12 oyunda heç-heçə etmiş, cəmi 3 oyunda məğlub olmuşdular. “Tülkülər” 68 qol vurub, 36 qol buraxmışdılar.

Seçilən
19
arena.az

1Mənbələr