AZ

Bizdən 10 dəfə çox neft-qaz satanlar Azərbaycana irad tutur- ədalətsizliyə baxın...

Image

Abutalıb Səmədov: "Bütövlükdə bu konfransın pozulmasına və iqlim dəyişmələrinə qarşı dünyanın vahid cəbhədən çıxıs etməsinə ən böyük maneə ABŞ-dir"

COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev nitqi zamanı deyib ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir: "Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Bu gün Azərbaycana hücum edənlər özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən ölkələrə baxsınlar".

Doğrudan da, hasilatımızın azlığı bir yana, hasil etdiyimiz nefti və qazın böyük əksəriyyətini istehlak edənlər, dünya bazarında satanlar bizə hücum edir. Bizə yersiz hücumların əsl səbəbi nədir?

Mövzunu şərh edən politoloq Abutalıb Səmədov bildirdi ki, Azərbaycan prezidenti Bakıda keçirilən COP29-da bir necə mühüm fakt səsləndirdi: "O qeyd etdi ki, Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qaz hasilatında isə 0,9 faiz paya malikdir. Yəni dünyada neftə olan gündəlik tələbat təxminən 103 milyon bareldir. Azərbaycan isə gündə cəmi 700 min barel neft hasil edir. Dünyada neft hasilatına görə birinci yeri ABŞ tutur. Öz daxili tələbatı böyük olduğundan neft ixracında birinci deyil, amma liderlər sırasındadır. Eyni fikirləri qaz hasilatı və satışı barədə də demək olar. Bu sahədə də dünya birinciliyi ABŞ-yə məxsusdur. Azərbaycanın payı isə heç bir faiz də deyil. Bizi ən çox tənqid edənlər isə ABŞ və onun müttəfiqləridir. Bir tərəfdən Azərbaycandan yardım istəyirlər, digər tərəfdən isə onun beynəlxalq nüfuzuna zəribə vurmaq üçün imkanları daxilində hər şeyi edirlər.

Məlumdur ki, Ukrayna müharibəsindən əvvəl Rusiya Avropaya ildə 155 milyard kubmetr qaz satırdı. Müharibə başlayandan sonra qərara gəldilər ki, rus qazından istifadə məhdudlaşdırılsın, mümkün olarsa 2027-ci ildə ondan bütövlükdə imtina olunsun. Bu işdə köməyinə möhtac qalınan ölkələrdən biri də Azərbaycan idi. Çunki rus qazından imtina edən ölkələr başqa mənbələr axtarıb tapmalı idilər. Bu halda Avropa Azərbaycandan kömək istədi, Azərbaycan da bu köməyi göstərməyə hazır olduğunu bildirdi. Norveç, Qətər və digək ölkələr də Avropadan köməyini əsirgəmədi. Ancaq Avropa qaz bazarından Rusiyanın sıxışdırılmasından ən çox istifadə edən də Amerika oldu. Hazırda rəsmi Vaşinqton avropalı müttəfiqlərinə daha baha qiymətə maye qaz satir.

Düzdür, rus qazından tamamilə imtina etmək hələlik qeyri-mümkündür, Avropa ölkələri ötən il 55-60 milyard kubmetr rus qazı alıb. Lakin bütün hallarda Rusiyanın yürütdüyü siyasət dünyanı narahat edir, onun da daha çox gəliri neft və qazdandır. Bu səbəbdən də götürülmüş siyasi kurs gələcəkdə də davam etdiriləcək. Amma Qərbin köməyinə gələn Azərbaycana qarşı hücumlar dayanmır.

Azərbaycan etmədiyi əməllərdə günhalandırılır və Qərb ölkələri COP29-un da mötəbərliyini azaltmaq üçün əllərindən gələni əsirgəmir. Qərb liderlərinin böyük əksəriyyəti tədbirə qatılmadı. Buna müxtəlif bəhanələr gətirdilər. Azərbaycana ünvanlanan, Qərb mediasında geniş yer alan ittihamlardan biri də respublikmızın neft-qaz ölkəsi olması və bundan yüksək gəlir götürməsi idi.

Bütövlükdə bu konfransın pozulmasında və iqlim dəyişmələrinə qarşi dünyanın vahid cəbhədən çıxış etməsinə ən böyük maneə ABŞ-dir. Trampın bundan əvvəlki prezidentliyi dövründə ABŞ iqlim dəyişmələri ilə bağlı 2015-ci ildə qəbul edilmiş Paris razılaşmasından çıxmaq barədə qərar qəbul eləmişdi. Düzdür, Bayden adminstrasiyası bu qərarı ləğv etdi, ancaq Tramp yenidən hakimiyyətə gəlir, ola bilsin, eyni qərar təkrar qəbul edilsin. Bundan sonra dünyanın iqlim dəyişmələrinə qarşı vahid cəbhədən mübarizə aparması bir qədər də cətinləşə bilər.

Bu hücumların kökündə nə dayanir? Məlumdur ki, COP29-un keçirilməsi ilə bağlı qərar 2023-cü il, 11 dekabrda qəbul edildi. Ondan bir neçə ay əvvəl - 19 sentyabrda Azərbaycan dünyada misli-bərabəri olmayan bir əməliyyat keçirdi - öz ərazisinin suverenliyini təmin etdi. Yüz illərlə davam edən erməni separatizminə son qoydu. Dünyada separatizm ocaqları kifayət qədərdir, xalqlara və dövlətlərə bu ocaqlar fəlakətlər yaşadır. Ancaq onların heç birini aradan qaldırmaq mümkün olmayıb. Azərbaycan unikal bir ölkədir ki, erməni separatizminə son qoya bildi. Dünyanın super-gücleri qorxur ki, bu təcrübədən digər dövlətlər də istifadə edə bilər və dünyada separatizm bəlasına son qoyula bilər. Bunu istəməyən ölkələr (ABŞ və Avropa ölkələri - red, D.N.) var. Çunki separatizm o ölkələrin əlində dövlətlərə mükəmməl təsir vasitələrindən biridir.

Antiterror əməliyyati vaxtı dünyada Azərbaycana qarşı böyük bir kampaniya başlamışdı. Azərbaycan "soyqırımda", "etnik təmizləmədə", "insan haqlarının pozulmasında" və s. məsələlərdə ittiham edilirdi.

Azərbaycanda COP29 tədbirinin keçirilməsi barədə qərarın qəbul edilməsi bu kampaniyanı bir qədər səngitdi. Təbiidir ki, bu, dünyada çoxlu qüvvələri narahat edir. COP29-un Azərbaycanda keçirilməsi ölkənin nüfuzunu artırır, turizmin inkişafına öz töhfəsini verir. Bakıda mühüm iqtisadi, diplomatik məsələlərlə bağlı danışıq və müzalirələrin aparılmasına imkan verir. Azərbaycanla digər dövlət rəsmilərinin daha da yaxınlaşmasına imkan verir. COP29 ölkənin inkişafına təkan verəcək bir tədbirdir.

Bütün səylərə baxmayaraq, COP29-da 70 mindən artıq qonaq iştirak edir və onların içində 80 dövlət və hökumət başçısı yer alır. Bu, Azərbaycana qarşı kampaniya aparanların gözləmədiyi bir haldir, onlar ümid edirdilər ki, konfransın səviyyəsini aşağı sala bilərlər. Hərcənd, konfransin təşkilatçısı Azərbaycan olsa da, bu, BMT-nin tədbiridir.

Burada ən çox ağrıdan məqam ondan ibarətdir ki, Azərbaycana hücum edənlər təkcə xaricdə bizim inkişafımızı istəməyənlər deyil. Eyni zamanda bəzi özünü azərbaycanlı adlandiranlar da bu kampaniyada açıq şəkildə iştirak edirlər. Ancaq onların heç biri ABŞ-nin dünyada neft və qaz istehsalında liderlərdən olmasını, havanın çirklənməsində, iqlim dəyişmələrinin baş verməsində əsas günahkarlardan biri və birincisi olduğunu dilə gətirmir. ABŞ-nin Paris razılaşmasından çıxmasını lənətləyən siyasətçi olmayıb Azərbaycanda. Yəqin ABŞ-nin bundan sonra atacağı addımları da onlar lənətləməkdə çətinliklər çəkəcəklər. Çünki asılıdırlar, onların yardımına ümid edirlər. Çox təəssüf ki, onlara yardım edənlər Azərbaycanın inkişafını və yaxşılığını istəməyən xarici qüvvələrdir".

Dəniz NƏSİRLİ





Seçilən
25
baki-xeber.com

1Mənbələr