AZ

“Məmurlar məzarlıqları zəbt edib, özlərinə günbəz tikirlər” – İlahiyyatçı təmtəraqlı məzarlardan DANIŞDI

Bu gün əksər qəbiristanlıqlarda dəbdəbəli məzar daşlarına rast gəlmək mümkündür. Bir çox məzarların üstündə ölən şəxsin heykəli ucaldılır. Əslində, ölkəmizdə məzar daşlarının dəbdəbədən kənar, sadə formada hazırlanması üçün ümumi qaydalar və tələblər var. Lakin bu tələblərə məhəl qoyan yoxdur və hər kəs istədiyi formada, ölçüdə qəbir daşlarını hazırlatdıra bilir.

Bəs dini cəhətdən bu, nə qədər düzgündür?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə əlaqədar ilahiyyatçı Tural İrfan Redaktor.az-a açıqlamasında bildirdi ki, heykəl və təmtəraqlı qəbir daşlarını məzarların üstündə ucaltmaq İslam dinində israf, bidət, şirk və günah hesab olunur. Yeganə olaraq tanınmış dahi şəxslər, dövlət başçıları istisnadır. Onların məzarını ziyarət etmək üçün insanlar kütləvi axın etdiyindən və həm də tarixi yaşatmaq üçün nəzərə çarpacaq abidə olmalıdır:

“Ümumiyyətlə İslam dini qəbir daşına icazə vermir. Sadəcə nişangah olub məzar tanınsın deyə bir əlamətə icazə verir. İndi heykəl, abidə, talvar tikib kölgəlik düzəldən də var. Məzarlığa girirsən, sanki vahiməli bir cəhənnəm məskəninə daxil olursan. Qapqara daşlar, böyük və hasarlara alınmış qəbirlər… Sanki ölülər durub qaçacaq deyə divar hörüblər. Qara mərməri vaxtilə ermənilər dəb salıb. O, erməni adətidir. Müsəlman qara daş qoymaz. Biz axirətə, öləndən sonra dirilib nura, işığa çıxmağa inanırıq. Qaranlıq dünyada əbədi çürüməyə inanmırıq ki, ölülərin üstünə ermənilər, yezidilər kimi qara daş qoyaq. Daş sadə və adi, özü də ağ rəngdə olmalıdır. Şəkil, filan da lazım deyil. Gərək standart daşlar olsun”.

İlahiyyatçının sözlərinə görə, varlılar, məmurlar məzarlıqda böyük yerləri zəbt edirlər. Sonra da öz ölülərinə böyük daşlar qoyurlar, abidə ucaldıb günbəz tikirlər:

“Qəbrin üstündə heykəl qoymaq, oranı ziyarətgaha çevirmək bütpərəstlikdir. Peyğəmbər özü vəsiyyət edib ki, mənim də məzarımı dödr barmaqdan yuxarı qaldırmayın və ziyarətgaha çevirməyin, məscid tikməyin. Yəni bu bir nümunə olmalıdır. Müsəlman ölkələrində Azərbaycandan savayı ikinci bir ölkə yoxdur ki, orada qəbirlərə belə təmtəraqlı, bahalı, böyük daşlar qoyulsun. Bunun səbəbi görməmişlik, yekəxanalıq, özünü gözə soxmaq, pulun – varın köpükləndirilib hətta məzarlıqda belə reklam edilməsi, israf, haram və Allaha üsyandır. Ölü üçün də mənəvi əzabdır. Qəbirlərin üstündə milyardlarla vəsait yatır. Aparıb yığıblar qəbir üstünə qiymətli daşları, qayaları. Bu adət Lut qövmündən keçib. Onlar axirətə inanmırdılar, yalnız bu dünyada əbədi qalmaq üçün özlərinə qayalardan yonma evlər, daşlar, məzarlar düzəldirdilər. Müsəlman gərək sadə olsun, məzarlıqda da kasıblarla bəhsə girməsin. Torpağın altında mənsəb, vəzifə, banklar, pul seyfləri yoxdur. İstənilən adamın dəfnindən bir qədər sonra cəsədi çürüməyə başlayır və həşəratlar bədənini atım – atım edir. Yəni yerin altında çürüyən adama yerin üstünə şöhrət gətirmək üçün daş qoymaq, heykəl ucaltmaq yox, xeyirxah işlər görmək, sədəqə, ehsan vermək, bulaq tikmək, yol çəkmək, yetim oxutmaq lazımdır ki, savab əbədi olsun. Bir sözlə, qəbir üstünə heykəl, qara mərmər daşlar qoymaq haram və küfrdür”.

Seçilən
6
2
nocomment.az

3Mənbələr