AZ

TRAMPIN “RUSİYA AGENTİ” ADINI ALAN KƏŞFİYYAT ŞEFİ... - Azərbaycanın da “qara siyahısı”nda olan Qabbard kimdir? + FOTOLAR

Məlum olduğu kimi, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın özünün gələcək administrasiyasına namizədliyini irəli sürdüyü şəxslərin əksəriyyəti nə ABŞ-də, nə də ondan kənarda birmənalı qarşılanmayıb. Trampın seçdiyi “kadrlar” arasında narkomaniyadan, pedofillikdən tutmuş Rusiya kəşfiyyatına işləməyə qədər bir çox cinayətlərdə şübhəli bilinən şəxslər var.

Belələrindən biri də Trampın Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli sürdüyü Nümayəndələr Palatasının keçmiş üzvü, 43 yaşlı Tulsi Qabbarddır. Bu, Trampın ən qalmaqallı təyinatlarından biri sayılır. Ən azı ona görə ki, Qabbard açıq rusiyapərəst mövqeyi ilə tanınır. Hətta Ukraynanın xüsusi xidmət orqanları hələ 2022-ci ildə Tulsi Qabbardın adını “Ukraynanın düşmənləri” siyahısına salıb.

 

 

 

Səbəb onun "Rusiyanın Ukraynaya qarşı xüsusi informasiya əməliyyatlarında iştirakı, habelə Rusiya Federasiyasının tərəfdaşı və ehtimal ki, Rusiyanın agenti olduğuna dair Ukrayna xüsusui xidmət orqanlarının şübhələri” idi.

2022-ci ilə qədər Konqresdə Demokrat Partiyasını təmsil edən Qabbard həmin il partiyanın sıralarını tərk edərək özünü “müstəqil siyasətçi” elan etmişdi. Lakin 2024-cü ildə Respublikaçılar Partiyasına qoşularaq Donald Trampın seçki kampaniyasında fəal iştirak edib və göründüyü kimi, bu “fədakarlığına” görə Tramp tərəfindən mükafatlandırılır. Hansı ki, onun “rusiyapərəst agent” reputasiyası bu vəzifəyə qətiyyən uyğun gəlmir.

 

 

Məsələ ondadır ki, özü əslən uzaq Samoa adalarından olan bu xanım həm də qatı ermənipərəstliyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qərəzli, hətta təxribatçı münasibətilə də xüsusi seçilib. Onun adı ən ermənipərəst Amerika siyasətçilərindən biri kimi Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”ndadır. Hələ 2017-ci ilin sentyabrında Qabbard Nümayəndələr Palatasının bir neçə ermənipərəst üzvü ilə birlikdə Azərbaycanın o zamankı işğal olunmuş ərazilərinə - Xankəndinə səfər edib. Bundan sonra o, Azərbaycan tərəfindən avtomatik olaraq “arzuolunmaz şəxslər” siyahısına əlavə edilib.

 

 

 

Qeyd edək ki, bu, ABŞ Konqresinin nəinki Azərbaycannın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən, həm də separatçı rejimə açıq şəkildə dəstəyini ifadə edən ilk üzvlər qrupu idi. Nümayəndə heyətinə həm demokratlar, həm də respublikaçılar daxil idi. O zaman Havay ştatını təmsil edən konqresmen Tulsi Qabbard Konqresin digər üzvləri, erməni maraqlarının tanınmış müdafiəçiləri Frank Pallone, Anna Ash, Jackie Speier, David Valadao və Ceyms Sensenbrenner ilə birlikdə Azərbaycanın icazəsi olmadan Xankəndinə gəlmişdi. O vaxt ABŞ Konqresinin nümayəndələri əvvəlcə İrəvanda Serj Sarqsyan ilə görüşüb, daha sonra Ermənistan hərbi helikopteri onları Xocalı hava limanına aparıb. Separatçı rejimin rəhbərliyi ilə görüşəndən sonra Qabbard və həmkarları Şuşaya da getmişdilər. Xatırladaq ki, Qabbardın o vaxt görüşdüyü separatçıların liderləri hazırda Bakı həbsxanasındadır...

Bu xanım həm də Türkiyə ilə bağlı qərəzli mövqeyi ilə tanınır. 44 günlük Qarabağ müharibəsi zamanı o, yenə qatı ermənipərəst mövqeyilə seçilib və rəsmi Ankaranı kəskin tənqid edərək, onu “münaqişənin birbaşa iştirakçısı” adlandırmışdı. Hətta ABŞ rəhbərliyini Azərbaycan və Türkiyəyə təzyiq göstərməyə çağırmışdı.

Məsələ ondadır ki, Trampın administrasiyasında təmsil olunacaq şəxslər arasında qatı ermənipərəst mövqeyilə seçilən təkcə Qabbard deyil. ABŞ-nin dövlət katibi təyin olunacaq Marko Rubio da “erməni sevgisi” ilə tanınır. Erməni Milli Komitəsi ilə fəal əməkdaşlıq edən Rubio ötən ilin sentyabrında rəsmi Bakını erməni əhalisini “etnik təmizləmə”də ittiham edib və Azərbaycanın Qarabağda apardığı antiterror əməliyyatları zamanı Bakıya qarşı sanksiyalara dair Senatın qətnamə layihəsini dəstəkləyib.

 

Trampın daha bir “kadrı” - ABŞ Hökumətinin Fəaliyyətini Təkmilləşdirmə Agentliyinə rəhbərlik edəcək hind əsilli biznesmen Vivek Ramasvami isə ermənipərəstliyi həyasızlıq səviyyəsinə çatan daha bir “nüsxə”dir. O, ötən il ABŞ prezident seçkilərində iştirak edərkən dəfələrlə Azərbaycanı tənqid edərək, seçiləcəyi təqdirdə qondarma “dqr”in “müstəqilliyini” tanıyacağını vəd etmişdi. 

Onu həyasızlığının pik nöqtəsi isə Azərbaycana açıq şər atması oldu. Belə ki, Ramasvami çıxışlarının birində açıq saxtakarlıq edərək, 44 günlük müharibə zamanı Ermənistan ordusunun Bərdədə törətdiyi dağıntıların görüntülərini “Azərbaycanın dinc erməni şəhərlərini dağıdmasının sübutu” kimi təqdim etmişdi.

Bir sözlə, Trampın gələcək administrasiyası ermənipərəstlər sarıdan qıtlıq çəkməyəcək. Təbii ki, bütün strateji qərarlarda son söz sahibi Trampın özü olacaq. Ancaq hər halda, bu qərarlara yuxarıda adı çəkilən şəxslərin də təsirinin olacağını istisna etmək qətiyyən doğru olmaz...

“AzPolitika.info” 

Seçilən
42
18
hurriyyet.az

10Mənbələr