AZ

Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi

Söhbət Müstəqillik Bəyannaməsinin məzmunu və həmin sənəddəki vurğudan gedir.

Turkustan.az xəbər verir ki, bunu hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Sərkis Xandanyan Baş nazir Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı bəyanatına istinadla bildirib.

“1990-cı ildə, müstəqil Ermənistanın olmadığı bir vaxtda qəbul edilən Müstəqillik Bəyannaməsində qeyd olunan baxışla müstəqil Ermənistan Respublikası qeyri-real təsvir edilir. Ona görə də mən o yanaşmanı bölüşürəm və həm də bu kontekstdə hüquqi qiymət baxımından Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli qərarı mühüm əhəmiyyət kəsb edir.

Əlbəttə, Ali Məhkəmənin qərarını mənfi və ya müsbət şərh etmək istəməzdim, amma bu qərar bu fikri bir qədər də gücləndirir”, - erməni deputat deyib.

Xandanyan qeyd edib ki, söhbət mövcud sərhədlər daxilində olan real Ermənistandan gedir.

Siyasətçi Ermənistanın Müstəqillik Bəyannaməsi, yaxud Konstitusiya dəyişikliyi ilə bağlı Azərbaycanla müzakirələrin gedib-getməməsi sualına birbaşa cavab verməyib: “Azərbaycanın tələblərinə, səbəblərinə, ritorikasına cavab var və Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı deyilənlərə baş nazir də cavab verib”.

Həmçinin onun sözlərinə görə, elə mövzular var ki, bu barədə açıq danışmaq mümkün deyil.

Baş nazir Paşinyan bundan əvvəl ölkəsinin Müstəqillik Bəyannaməsinin bir dövlət kimi Ermənistanı inkar etdiyini söyləyib:

“Son illərdə Müstəqillik Bəyannaməsini dəfələrlə oxumuşam, sonda belə bir dəhşətli nəticəyə gəldim ki, Müstəqillik Bəyannaməsi Ermənistan Respublikasının mövcud ola bilməyəcəyinə dairdir”.

Ermənistan Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli qərarına gəlincə, həmin qərara görə, Ermənistanın Müstəqillik Bəyannaməsi heç bir konstitusion hüquq daşımır.

Qeyd edək ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı bu bəndin Konstitusiyadan çıxarılmasını tələb edir./teleqraf.com

Seçilən
15
1
turkustan.az

2Mənbələr