AZ

Azərbaycan inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərin yeni bir mərhələsinə qədəm qoyub

13 noyabr tarixində paytaxtımızda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti önəmli məqamları ilə diqqət çəkib.  Xüsusilə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbirdəki çıxışı maraqla qarşılanıb. Ölkəmizin başçısı  çıxışında Azərbaycanın son illərdə inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərin yeni bir mərhələsindən danışıb. Bildirib ki, COP29-a ev sahibliyi edən Azərbaycan, qlobal iqlim mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır.

Qeyd edək ki, hazırda kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan  ərazilərdəndir. Həmin ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi təhlükələrlə üzləşir. Ölkəmizin başçısı çıxışında inkişaf etmiş bütün ölkələrə,o cümlədən  müstəmləkə keçmişi olanlara müraciət edərək, kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin vacibliyini xatırlatdı.

Prezident İlham Əliyev nitqində Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə edilən yardım proqramları barədə də məlumat verdi. Bildirdi ki,  Azərbaycan iqlim dəyişiklərinin təsirinə məruz qalan kiçik ada dövlətlərinə bir çox layihə və proqramlarla dəstəyini nümayiş etdirib. Dövlətimiz bir sıra kiçik ada  ölkələrinə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardım göstərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Həmçinin belə təşəbbüslərə əlavə olaraq ondan çox kiçik ada dövlətindən olan vətəndaşlar Azərbaycanın universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanmışdır.

Xüsusilə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Təbii ki, Azərbaycan dövlətinin  fəaliyyəti  həm beynəlxalq səviyyədə həm də regional müstəvidə ölkəmizin  iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm tərəfdaş kimi tanınmağımıza yardım olub.

Prezident İlham Əliyev sözügedən çxışında COP29 çərçivəsində görülən işlər və Baham Adaları, Tonqa və Tuvalu ilə əməkdaşlıqdan da bəhs etdi. Bu ilin mayında COP29 ilə bağlı planları müzakirə etmək üçün Baham adaları, Tonqa və Tuvalu rəhbərləri Azərbaycana səfərlər  etdilər. Dövlət rəhbərimizin  çıxışında önəmli məsələlərdən biri də, kiçik ada dövlətlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün «Azərkosmos» peyk məlumatlarından istifadə etmək məqsədilə Azərbaycanın Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalaması oldu. Bununla yanaşı, Azərbaycan bu ölkələrdəki birgə layihələri dəstəkləmək üçün 10 milyon ABŞ dolları vəsait ayırmışdır və bununla da, ətraf mühitin qorunmasına daha bir töfhə vermişdir.

Karib və Sakit Okean regionundakı dəniz ərazilərinin çətinliklərindən də bəhs edən ölkəmizin başçısı bildirdi ki,  Fransanın və Niderlandın buradakı müstəmləkəçilik siyasəti  ekoloji vəziyyəti daha da pisləşdirir. Bəzi hallarda bu icmaların səsi onların metropoliya dövlətləri tərəfindən susdurulur, bu da onların öz müstəqilliklərini və hüquqlarını qorumaq yolunda maneələrlə üzləşməsinə səbəb olur.Lakin Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası Fransa müstəmləkələrində baş verən insan hüquqları pozuntularına göz yummuşdur. Dövlət başçımız, Avropanın kiçik ada dövlətlərinə və digər müstəmləkə ərazilərinə qarşı ədalətli bir yanaşma göstərməsinin  və bu ölkələrin öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşmasınının zəruriliyini vurğuladı.

Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal lider kimi mövqeyini gücləndirmək və xüsusilə həssas və zəif ölkələrə dəstək göstərmək əzmini bir daha nümayiş etdirdi.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Seçilən
11
3
ikisahil.az

4Mənbələr